Tariximizin şanlı səhifəsi: 8 Noyabr - Zəfər Günü

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Zəfərin beşinci ildönümünü qeyd edir. Azərbaycanın çoxəsrlik tarixinə qızıl hərflərlə yazılan Qarabağ Zəfəri Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli sərkərdəliyi, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin, qazilərimizin canı və qanı bahasına qazanılıb.
Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi işğalçı ölkənin məğlubiyyəti ilə başa çatdı. Nəticədə 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz təmin edildi.
Azərbaycan xalqı onillərdir ki, bu günü böyük səbirsizliklə gözləyirdi. Belə ki, 1988-ci ildə başlayan Qarabağ hadisələri, erməni ideoloqlarının “dənizdən dənizə Ermənistan” adlı sərsəm ideyasını reallaşdırmaq cəhdləri kəndlərimizin, şəhərlərimizin dağıdılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələnmişdi.
Münaqişənin nizamlanması üçün təsis olunmuş ATƏM-in (sonradan ATƏT) Minsk qrupu 30 il ərzində məsələnin həllinə yox, dondurulmasına çalışır və aparılan danışıqlar nəticəsiz qalırdı. Azərbaycan isə daim beynəlxalq hüquqa sadiqlik nümayiş etdirir, münaqişənin danışıqlar vasitəsilə həllinə çalışırdı. Həmin vaxt BMT Təhlükəsizlik Şurasının Ermənistan silahlı qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən 4 qətnaməsi kağız üzərində qalmış və icra olunmamışdır. Bütün bunlara baxmayaraq xalqımız əmin idi ki, gün gələcək haqq-ədalət öz yerini tapacaq, torpaqlarımız öz sahiblərinə qovuşacaq, keçmiş məcburi köçkünlər tarixi yurd-yuvalarına qayıdacaq.
Prezident İlham Əliyevin ən yüksək tribunalardan səsləndirdiyi “O gün uzaqda deyil” bəyanatı da özündə bu məqamları ifadə edirdi. Ölkə Prezidentinin bəyanatlarında bu çağırış da xüsusi yer tuturdu ki, xalqın səbri tükənməz deyil. Beləliklə, Azərbaycan xalqı 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın irəli əmrini gözləyirdi.
2020-ci il sentyabrın 27-də son tərxibatlarını törədən Ermənistan silahlı qüvvvələri Noyemberyan rayonunun Şavarşavan kəndində yerləşən mövqelərdən, Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən isə Gədəbəy rayonunun Zamanlı kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimizi, Tərtər rayonunun işğal altında olan Çiləbürt, Ağdam rayonunun Sarıcalı kəndi yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqelərini atəşə tutdu. Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatına başlaması barədə qərar verildi.
Döyüş əməliyyatlarının ilk saatlarından etibarən cəbhə xəttindən sevindirici xəbərlər gəlməyə başladı. 44 gün ərzində hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, işğala son qoyulsun və tarixi ədalət zəfər çalsın. Noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Cəbrayıl şəhəri və rayonun 90 kəndi, Füzuli şəhəri və rayonun 53 kəndi, Zəngilan şəhəri, rayonun Mincivan, Ağbənd, Bartaz qəsəbələri və 52 kəndi, Xocavənd rayonunun Hadrut qəsəbəsi və 35 kəndi, Tərtər rayonunun 3 kəndi, Qubadlı şəhəri və rayonun 41 kəndi, Xocalı rayonunun 9 kəndi, Laçın rayonunun 3 kəndi, həmçinin Ağdərə və Murovdağ istiqamətlərində bir neçə strateji yüksəklik, Zəngilanda isə Bartaz, Sığırt, Şükürataz yüksəklikləri və daha 5 adsız yüksəklik, noyabrın 8-də isə Şuşa şəhəri azad olundu.
Noyabrın 9-dan 10-na keçən gecə Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən üçtərəfli Bəyanatın imzalanması ilə hərbi əməliyyatlar dayandırıldı. Həmin Bəyanata uyğun olaraq, Ermənistan noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Silahlı Qüvvələrinə təhvil verdi. 2022-ci ilin avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri nəzarətə götürüldü.
Qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. Bu Qələbə ilə Azərbaycan Ordusu təkcə Ermənistan silahlı qüvvələrini deyil, həm də Erməni mifini məhv etdi.
Bu gün işğaldan azad edilmiş torpaqlarda qürurla dalğalanan üçrəngli bayrağımız hər birimizin qəlbində əbədi qürur hissi yaradır. Şəhidlərimizin əziz xatirəsi, qazilərimizin fədakarlığı və xalqın səfərbərliyi isə bu Zəfərin əsl mənəvi dayağıdır. Bu tarixi gündə şəhidlərimizi dərin ehtiramla yad edir, onların qəhrəmanlığı ilə qürur duyuruq.
Zəfər Bayramınız mübarək!