“Təmiz ətraf mühit, sağlam həyat!” adlı sosial aksiya yarışı keçirilib

“Təmiz ətraf mühit, sağlam həyat!” adlı sosial aksiya çərçivəsində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə 5 İyun - Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə velosiped yarışı keçirilib.

Muxtar Respublika Perinatal Mərkəzinin qarşısından Mərkəzi Nəbatat Bağına qədər olan 4.4 km məsafədə keçirilən yarışın əsas məqsədi 5 İyun - Ətraf Mühitin Mühafizəsi Gününün qeyd edilməsi və velosipedin nəqliyyat vasitəsi kimi təbliğindən ibarət olub. Yarış başlanmazdan öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərmizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli və Təhsil Şöbəsinin əməkdaşı Səfər Tağıyev yarışın keçirilmə məqsədi haqqında danışıb və şagirdlərə qalibiyyət sevinci arzulayıblar. 

Naxçıvan şəhər ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi yarışda ümumilikdə 30 nəfər oğlan və qız iştirak edib. Yarışın yekununa əsasən oğlanlar arasında Heydər Əliyev adına tam orta məktəbin şagirdi Rəşad Məmmədov, 12 nömrəli tam orta məktəbin şagirdi Hüseyn Rəcəbov, 10 nömrəli tam orta məktəbin şagirdi Məhərrəm Hümbətli, qızlar arasında isə Heydər Əliyev adına tam orta məktəbin şagirdi Ruqayyə Səfərova, 1 nömrəli tam orta məktəbin şagirdi Ləman Bağırova və 1 nömrəli tam orta məktəbin şagirdi Səma Rzayeva müvafiq olaraq I, II, III yerlərə layiq görülüblər. Qalib və fərqlənən idmançılar 5 iyun 2024-cü il tarixdə “Əyləncə adası”nda keçiriləcək tədbirdə diplom və fəxri fərmanla mükafatlandırılacaqlar. 

Tədbirin keçirilməsində göstərdiyi kömək və dəstəyə görə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinə, eyni zamanda Dövlət Yol Polisinə və Naxçıvan Muxtar Respublikasının Səhiyyə Nazirliyinə xüsusi təşəkkür edirik.