İyulun 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində Tumbul kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyin iclas zalında “Suveren dövlət, güclü vətəndaş” adlı tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini-dini qurumlarla işin təşkilatçısı Orxan Məhərrəmov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, tarix üzrə fəlsəfə doktoru, dosent Asəf Orucov, Naxçıvan şəhər prokurorunun böyük köməkçisi Elməddin Bağırov və Tumbul kənd Kitabxana Filialının direktoru Gülsüm Əliyeva çıxış edərək “Konstitusiya və Suverenlik İli” çərçivəsində keçirilən tədbirin əhəmiyyətindən, müasir və müstəqil, qalib Azərbaycanın uğurlarından, regionda və dünyada söz sahibi olmasından bəhs ediblər.
Bildirilib ki, müstəqil Azərbaycan dövlətinin qurulması və inkişafı dahi şəxsiyyət Heydər Əliyevin adı ilə bağlıdır. Həyatının mənasını yalnız xalqına xidmətdə görən Ulu Öndər ömrünü ölkəsinin firavan gələcəyinə həsr edib. Bu gün Azərbaycanın qüdrətli dövlətə çevrilməsi, dinamik sosial-iqtisadi inkişafı, dünya birliyində öz layiqli yerini tutması məhz Heydər Əliyev ideyalarının yaşamasının, onun siyasi kursunun uğurla davam etdirilməsinin nəticəsidir. Bu dayanıqlı inkişaf siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün Azərbaycan transmilli layihələri reallaşdıran və mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edən qüdrətli, suveren dövlətdir.