“Suveren Azərbaycanın çağırışı: Xocalıya ədalət” mövzusunda keçirilən tədbir.

Fevralın 26-da Naxçvan Şəhər İcra Hakimiyyətində “Suveren Azərbaycanın çağırışı: Xocalıya ədalət” mövzusunda tədbir keçirilib. Tədbirdən öncə Xocalı faciəsinə həsr olunmuş sərgiyə baxış keçirildi.  

İlk əvvəl Ümummilli Lider Heydər Əliyevin və Xocalı soyqırımı qurbanlarının, torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev çıxış edərək bildirib ki, Azərbaycan tarixinin dəhşətli və faciəli səhifələrindən biri olan Xocalı soyqırımı XX əsrdə törədilmiş ən qanlı cinayətlərdən biri kimi yaddaşlara həkk olunub. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xocalını işğal edərək, azərbaycanlılara qarşı misli görünməmiş soyqırımı həyata keçirdi. Bunun nəticəsində həmin gecə Xocalının 613 sakini amansızcasına qətlə yetirildi, yüzlərlə insan ağır yaralandı və minlərlə insan doğma yurd-yuvasından didərgin düşdü. Ermənistan silahlı birləşmələri tərəfindən Xocalı şəhərinin işğal edilməsi ilə əlaqədar Azərbaycan dövlətinə və vətəndaşlarına yüz milyonlarla manat dəyərində maddi ziyan vuruldu. Törədilən bu faciə təkcə Azərbaycanın deyil, bütövlükdə insanlıq tarixinin ən qaranlıq səhifələrindən biri oldu.

Dünyanın gözü qarşısında baş verən bu dəhşətli soyqırımın əsl mahiyyəti yalnız, Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın tələbi və təkidi ilə siyasi hakimiyyətə yenidən qayıtmasından sonra açıqlanmışdır. 1994-cü ilin fevralında Azərbaycan Respublikasının Milli Məclisi Xocalı soyqırımına siyasi-hüquqi qiymət vermişdir.

Vurğulanıb ki, faciədən ötən illər ərzində ölkə başçısı, Prezident cənab İlham Əliyevin böyük, yorulmaz xidmətlərinin nəticəsi olaraq 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu ermənilərin bu əməllərini cavabsız qoymadı. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə başlanan zəfər yürüşü 44 gün sonra qalibiyyətlə başa çatdı. Hərbi əməliyyatlar nəticəsində Azərbaycan ordusu mənfur düşməni darmadağın edərək bütün dünyaya öz qüdrətini, gücünü nümayiş etdirdi, 30 ilə yaxın işğal altında qalan torpaqlarımız azad edildi. 2023-cü ilin sentyabr ayında keçirilən 23 saatlıq antiterror tədbirləri nəticəsində isə düşmənlərdən tam azad olunan Xocalıda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən 2023-cü il oktyabrın 15-də Dövlət Bayrağı ucaltmışdır. Daha sonra Prezident cənab İlham Əliyev bu müqəddəs torpağa səfər edərək, tarixi bəyanatlar vermiş, Xocalını təkcə Azərbaycanın deyil, bütün insanlığın vicdanında bir yara olduğunu və bu faciəni törədənlərin tarixi məsuliyyətdən qaça bilməyəcəklərini vurğulamışdır. O, Xocalının yenidən qurulacağını və bu ərazilərə həyatın qaytarılacağını qeyd etmişdir.

Bu tarixi hadisədən ötən qısa vaxt ərzində Xocalıda aparılan quruculuq işləri nəticəsində artıq bu qədim diyar Azərbaycanın ən müasir şəhərlərindən birinə çevrilməkdədir. Bu il fevralın 19-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Xocalı rayonunun Ballıca kəndinə səfəri zamanı fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olmuş və kəndə köçən bir qrup sakinlə görüşərək bu torpaqların əsl sahiblərinin burada yaşayacağını, davamlı olaraq Xocalıda quruculuq bərpa işlərinin davamlı olaraq aparılacağını bildirmişdir.

Əlbəttə ki, bütün bunlar Azərbaycan dövlətinin gücünün, eyni zamanda, Azərbaycan xalqının əzminin və qətiyyətinin təcəssümüdür. Artıq Xocalı faciəsini xatırlayarkən yalnız ağrı-acı deyil, eyni zamanda, azadlıq və qələbə duyğularını hiss edirik. Bundan sonra bu torpaqlarda əbədi sülh, təhlükəsizlik və inkişaf hökm sürəcəkdir.

Tədbirdə Naxçıvan şəhər prokroru Qalib İsmayılov çıxış edərək qeyd etdi ki, Azərbaycan Respublikasının prokrorluq orqanlarında 1988-ci ildən erməni silahlı qüvvələri tərəfindən Dağlıq Qarabağda və ətrafındakı digər işğal olunmuş ərazilərdə, həmçinin Ermənistanda saxlanılan azərbaycanlı əsir və girovlara dözülməz işgəncələr verilməsi, onların bir qisminin öldürülməsi, şikəst edilməsi, təxribat və terror aktlarının törədilməsi, əhalinin məcburi köçürülməsi, yaşayış məntəqələrindəki maddi sərvətlərin, tarixi mədəniyyət abidələrinin dağıdılması, habelə ermənilərin törətdikləri digər ağır cinayət faktları ilə əlaqədar ayrı-ayrı cinayət işləri başlanılaraq istintaq olunmuşdur.  

Aparılan istintaqla müəyyən edilmişdir ki, beynəlxalq humanitar hüquq normalarına, insan hüquqları üzrə ən müxtəlif konvensiyalara məhəl qoymayan erməni hərbi birləşmələri dinc əhalini qətlə yetirmək məqsədilə insanlığa ləkə olan ən qəddar üsullara əl atmışlar. Bütün bunlar ermənilərin 1992-ci ildə Xocalı şəhərində törətdikləri qeyri-insani hərəkətlərin kökündə məhz soyqırım niyyətinin dayandığını aşkar surətdə üzə çıxarır. 

Tədbirdə, həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Məmmədova çıxış edərək bildirdi ki, Xocalı soyqırımı XX əsrin ən böyük faciəsi, mülki əhaliyə qarşı törədilmiş cinayətlərin ən dəhşətlisidir. Ötən əsrin sonlarında xalqımızın yaşadığı bu faciə əslində insanlığa qarşı yönəldilmiş bir vəhşilik idi.

 Xocalı soyqırımı Azərbaycan və bir sıra digər ölkələr tərəfindən qətliam kimi tanınmış və pislənmişdir. Hər il fevralın 26-da Xocalı faciəsi qurbanları anılır və beynəlxalq ictimaiyyətin bu hadisəyə diqqət yetirməsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Xocalı soyqırımı beynəlxalq ictimaiyyətdə geniş müzakirə olunan, lakin hələ də tam şəkildə qlobal səviyyədə tanınmayan faciələrdən biridir. 

Həmçinin vurğulanmışdır ki, Azərbaycan və diaspor təşkilatları bu hadisənin soyqırımı kimi tanınması üçün müxtəlif diplomatik və hüquqi səylər göstərirlər. Artıq bir çox ölkələrin parlamentləri və beynəlxalq təşkilatlar Xocalı faciəsini soyqırımı və ya qətliam kimi tanıyıb. Bundan əlavə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Xocalı qırğını ilə bağlı bir sıra qətnamələr qəbul edib və bu hadisəni insanlığa qarşı cinayət kimi dəyərləndirib. 

Çıxışlardan sonra Xocalı faciəsi ilə bağlı günün əhəmiyyətini əks etdirən videoçarx nümayiş etdirilib.