"Konstitusiya və Suverenlik İli" çərçivəsində sentyabrın 19-da Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin Səlahiyyətli Nümayəndəliyinin dəstəyi, Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı, məktəblilərin iştirakı ilə "SUVAR!" aksiyası keçirilib. Bu dəfəki aksiya Naxçıvan şəhər Heydər Əliyev adına tam orta məktəbin həyətyanı sahəsində baş tutub.
Aksiya zamanı iştirakçılara sudan səmərəli istifadə, suya qənaət və yaşıllıqların qorunmasının vacibliyi barədə ətraflı məlumat verilib. Daha sonra ətraf ərazidəki ağaclar suvarılıb. Ağacların suvarılması işində məktəblilərlə yanaşı, təşkilatçı qurumların əməkdaşları da fəal iştirak ediblər.
Qeyd edək ki, aksiyanın keçirilməsində əsas məqsəd Naxçıvan şəhərində yaşıllıqların qorunması, ətraf mühitin mühafizəsinə ictimai dəstəyin gücləndirilməsi, ekoloji məsuliyyət hissinin artırılması və iqlim dəyişikliklərinə qarşı maarifləndirmənin genişləndirilməsindən ibarət olub.