İyulun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xankəndidə “Rəqəmsal keçidlər: Süni intellekt dövründə informasiya və media dayanıqlılığının gücləndirilməsi” mövzusunda III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü keçirilib.
Cənubi Qafqazın ən güclü ölkəsi olan Azərbaycan bu gün Qarabağda və Şərqi Zəngəzurda şəhər və kəndlərimizin bərpası ilə yanaşı həm də həmin ərazilərdə keçirilən beynəlxalq tədbirlərlə də dünyanın diqətini özünə cəlb etməkdədir. Bu baxımdan bu günlərdə Şuşada keçirilən "III Qlobal Media Forumu" mühüm əhəmiyyətə malikdir. Artıq üçüncü ildir ki, dünyanın aparıcı media orqanlarının böyük maraqla iştirak etdiyi forumda bu il 50-dən çox ölkədən 150-dən artıq media nümayəndəsi iştirak edirdi. Dünyanın müxtəlif regionlarını əhatə edən iştirakçılar arasında beynəlxalq xəbər agentliklərinin rəhbərləri, tanınmış media ekspertləri, jurnalist təşkilatları və rəqəmsal platformaların təmsilçiləri yer alırdı. Bütün bunlar isə tədbirin qlobal informasiya gündəminin formalaşmasında nə qədər nüfuzlu mövqe tutduğunu bir daha nümayiş etdirir.
"III Qlobal Media Forumu"unda iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Şuşa Forumunun artıq ənənə halı aldığını və qlobal məsələlərin açıq müzakirəsi üçün mühüm platforma olduğunu bildirib. Prezident ötən il ölkəmizdə keçirilən COP29-un Azərbaycanın ev sahibliyi etdiyi ən böyük beynəlxalq tədbir olduğunu qeyd edib və tədbir zamanı qlobal iqlim məsələlərində konstruktiv dialoqun qurulduğunu və 6-cı maddə üzrə razılığın əldə edildiyini vurğulayıb.
Dövlət başçısı bildirib ki, 2030-cu ilə qədər artıq imzalanmış investisiya müqavilələri əsasında biz ən azı 6 giqavatlıq yaşıl enerjini, o cümlədən Günəş, külək və su elektrik enerjisini istehsal edəcəyik. Su elektrik enerjisi Qarabağ və Şərqi Zəngəzurda əsas yer tutur. Biz ümumi 280 meqavat gücündə 30 kiçik su elektrik stansiyasını artıq istismara vermişik. Beləliklə, yaşıl gündəliyimiz həqiqətən çox genişdir. Eyni zamanda, mənim mesajım, ev sahibi olan Azərbaycanın mesajı ondan ibarət idi ki, biz həmin məsələyə realist və praqmatik yanaşmalıyıq. Hamımız anlayırıq ki, biz planeti qorumalıyıq.
Özbəkistan Jurnalistika və Kütləvi Kommunikasiyalar Universitetinin rektoru professor Şerzodxon Kudratxucanın Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən böyük infrsturuktur layihələri və Zəngəzur dəhlizinin Türk dünyası üçün xüsusi əhəmiyyəti ilə bağlı sualına cavabında ölkə başçısı bildirib ki, Qarabağın bərpası üçün ilk hədiyyəni Özbəkistan verib. Hörmətli Prezident Şavkat Miromonoviçin təşəbbüsü ilə Füzuli şəhərində özbək xalqının dahi oğlu Mirzə Uluqbəyin adını daşıyan 960 şagird yerlik məktəb tikilib. Biz bunu çox yüksək qiymətləndiririk. Bu, Özbəkistan Prezidentinin səmimi qardaşlıq jesti, ərazilərin bərpasında Azərbaycana köməyidir.
Zəngəzur dəhlizinə gəlincə, bu arteriya sözsüz ki, bir çox ölkələri birləşdirəcək. Biz isə daşımaların bu dəmir yolu və ya avtomobil yolu ilə həyata keçirilməsinin zəruriliyindən danışarkən, təkcə Azərbaycanın əsas hissəsinin onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsini nəzərdə tutmuruq. Söhbət beynəlxalq tranzit dəhlizdən gedir. Biz nəqliyyat və logistika infrastrukturuna çox fəal sərmayə qoyuruq. Son illər milyardlarla dollar sərmayə qoyulub, Xəzər dənizində ən böyük beynəlxalq ticarət limanı tikilib, indi biz onu genişləndiririk, onun yükqaldırma qabiliyyətini 25 milyon tona çatdırırıq.
Ukraynalı jurnalistin qalib xalqın Lideri kimi Siz Ukraynaya və ukraynalılara hansı tövsiyələri verə bilərsiniz? sualına cavabında dövlətimizin başçısı; - Heç vaxt işğalla barışmamaq. Bu, əsas tövsiyədir. Bizim etdiyimiz də bu idi. Daha doğrusu, biz bu prosesi belə görürdük deyə bildirib.
Çinin Sinxua agentliyinin Bakı ofisinin nümayəndəsi Zhong Zhongun Azərbaycan ilə Çin arasındakı mövcud münasibətləri necə qiymətləndirirsiniz? sualına cavab olaraq Prezident bildirib ki, Azərbaycanla Çin hər zaman bir-birinin ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Azərbaycan açıq şəkildə bildirir ki, Çin Xalq Respublikasının Tayvan və digər məsələlər ilə bağlı mövqeyini dəstəkləyir. Bizim mövqeyimiz olan “vahid Çin” siyasəti Çin rəhbərliyinə və xalqına yaxşı məlumdur. Yəni, münasibətlərimiz çox möhkəmdir.
AnewZ-un Vaşinqton müxbiri Oubai Şahbandaranın Amerika və Azərbaycan yenidən böyük dost ola bilərlərmi? sualına cavabında Prezident bildirib ki, bir çox məsələlər bizi, xüsusən də cənab Trampın Administrasiyası ilə birləşdirir. Yeri gəlmişkən, onun ilk prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri çox müsbət olmuşdur. Fikrimcə, artıq gördüyünüz və söylədiyim həmin müsbət tendensiyaların davamı olacaq. Hazırda o, bütöv qlobal məsələlərlə və müharibələrin dayandırılması ilə çox məşğuldur. Lakin eyni zamanda o, Cənubi Qafqaz prosesində fəal iştirak edir və uzunmüddətli münaqişənin həllinin tapılması üçün Azərbaycana və Ermənistana yardım etməkdə əla iş görür. Beləliklə, düşünürəm ki, gələcəkdə daha çox yaxşı xəbərlərimiz olacaq.
Pakistanın DND Xəbərlər Agentliyinin rəhbəri Agha Iqrar Haroonun Ukrayna ilə Rusiya arasında münaqişənin heç olmasa dayanması üçün rol oynaya bilərsinizmi? sualına cavab olaraq ölkə başçısı bildirib ki, biz yalnız dəvət olunan zaman məsələyə qoşuluruq. Əgər dəvət olunmuruqsa, biz öz yerimizdə qalırıq. Kiminsə dəvətsiz getdiyi kimi biz getmirik. Əgər dəvət olarsa, düşünürəm ki, biz lazımi vasitəçilik edə bilərik. Amma gərək xahiş edilsin.
“Berliner Verlag” qəzetinin redaktoru Holger Fridrixin əgər Siz Qərbi Avropada ictimai rəyə təsir etmək arzusunda olsaydınız, Azərbaycan haqqında hansı təəssüratın olmasını istəyərdiniz? sualına cavabında Prezident vurğulayıb ki, Qərbin ictimai rəyi və Qərb mediasının təsiri Azərbaycana gəldikdə çox mənfi və ədalətsizdir.
Prezident bildirib ki, biz Avropada ictimai rəyə təsir göstərmək səylərimizi artıq kənara qoymuşuq. Biz bunun vaxt itkisi olduğunu düşünürük. Lakin ən yaxşı yol belə tədbirlərin keçirilməsidir. Burada jurnalistlər, media, 50-dən çox ölkədən liderlər toplaşıb və hər il auditoriya daha da böyüyür, yeni qonaqlar gəlir. Odur ki, ən yaxşı yol bizi tərifləmək deyil, ən yaxşı yol buraya gəlməyiniz və insanlarla danışmağınızdır. İnsanların mənim, hökumət, inkişaf haqqında nə düşündüklərini öyrənməkdir. Sonra yalnız bir şey lazım olacaq, auditoriyaya həqiqəti söyləmək. Düşünürəm ki, bu, qarşılıqlı anlaşmanı qat-qat yaxşılaşdıracaq.
“Reuters” agentliyindən Nailə Balayevanın AZAL şirkətinə məxsus təyyarə ilə bağlı insidentlə əlaqədar Azərbaycanın şərtləri, tələbləri Rusiya tərəfindən qəbul edilibmi? sualına cavabında Prezident bildirib ki, biz artıq Rusiya tərəfini məlumatlandırmışıq ki, beynəlxalq ədliyyə sisteminə müraciət edəcəyik. Biz müəyyən bir qovluq hazırlayırıq. Bilirik ki, buna vaxt lazımdır. On il lazım oldu ki, Malayziya hava yollarına məxsus “Boeing”lə bağlı təhqiqat başa çatsın. Ancaq biz bu ədalətə nail olacağıq. Biz bunu əldə edəcəyik. Təəssüf ki, bugünkü vəziyyət ikitərəfli münasibətlərimiz baxımından heç də məqbul deyil.
Azəri-Press Agentliyindən Vüsalə Mahirqızının “Böyük Qayıdış”la bağlı proses necə gedir? sualına cavabında dövlət başçısı bildirib ki, Dövlət Proqramı çərçivəsində qısa müddət ərzində bu qədər böyük işin görülməsi bir daha göstərir ki, bizim nə qədər istedadlı xalqımız var. Mənə çatan məlumata görə, o cümlədən buraya səfər edən xarici nümayəndələr deyirlər ki, söhbət təkcə pulda, pul məsələsində deyil. İstəyir nə qədər pulun olsun, əgər insan kapitalı yoxdursa, əgər insanlar ürəklə işləmirlərsə, heç bir işi görmək mümkün deyil. Bir xüsusi əlaməti də diqqətinizə çatdırım, yəqin ki, siz də bunu yaxşı bilirsiniz. Burada işləyənlərin hamısı çox böyük həvəslə işləyir, - yəni, təbii ki, burada şirkətlər, dövlət qurumları işləyir, - burada işləmək insanlara xüsusi zövq verir. Biz bu torpaqlar üçün o qədər darıxmışıq, o qədər bu torpaqların həsrətində olmuşuq ki, indi qayıtmışıq və necə deyərlər, bu torpaqlarımızdan doya bilmirik. Ona görə “Böyük Qayıdış” Proqramı artıq reallaşıb. Təbii ki, bunun mərhələləri olacaq və aydan-aya, ildən-ilə qayıdan vətəndaşların sayı çoxalacaq, Qarabağ, Şərqi Zəngəzur dirçələcək. Mən “Böyük Qayıdış”ın əvvəlində demişdim ki, biz bu bölgəni cənnətə çevirəcəyik, artıq cənnətin kiçik bir parçasıdır. Bunu burada öz gözlərimizlə görürük.