"Sülh uşaqların gülüşündən başlayır" mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən cari ilin 21 avqust - 21 sentyabr tarixlərinin ölkəmizdə “Sülh Aylığı” elan edilməsi ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyəti və Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan şəhər 1 nömrəli körpələr evi-uşaq bağçasında "Sülh uşaqların gülüşündən başlayır" mövzusunda tədbir keçirilib.
Tədbirdə uşaqların ifasında sülh və dostluğa həsr olunmuş şeir və nəğmələr səsləndirilib, müxtəlif kompozisiyalar nümayiş etdirilib. Balaca rəssamlar sülh və əmin-amanlıq arzularını rənglərin dili ilə, özünəməxsus şəkildə ifadə ediblər. Uşaqların saf və səmimi çıxışları sülhün dünya üçün nə qədər böyük əhəmiyyət daşıdığını, vacib və əvəzolunmaz dəyər olduğunu bir daha nümayiş etdirib.
Tədbirdə çıxış edənlər gələcək nəsillərin təhlükəsiz şəraitdə böyüməsinin vacibliyindən söz açıb, uşaqların gülüşü, onların xoşbəxtliyi və dünyamızın firavan gələcəyi üçün sülhün qorunmasının vacibliyini vurğulayıblar. Bildirilib ki, sülh ideyalarının uşaqlara erkən yaşlardan aşılanması, onların dostluq və qarşılıqlı hörmət ruhunda tərbiyə olunması mühüm əhəmiyyət daşıyır. Çünki, sülh yalnız müharibələrin olmaması deyil, həm də insanların bir-birinə hörmətlə yanaşması, mehribanlıq şəraitində yaşamasıdır.
#SülhAylığı #PeaceMonth