“Suların istifadəsi və mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib

23 aprel 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin birgə təşkilatçılığı ilə “Suların istifadəsi və mühafizəsi” mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 14 saylı Naxçıvan regional bölməsinin nümayəndələri, icra nümayəndələri, bələdiyyə sədrləri və vətəndaşlar iştirak ediblər.Tədbiri giriş sözü ilə açan Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev mövzunun aktuallığı və əhəmiyyətindən bəhs edib.Daha sonra çıxış edən Xidmətin 14 saylı Naxçıvan regional bölməsinin rəisi Səttar Nəsirov və digər əməkdaşlar qurumun fəaliyyəti barədə ətraflı məlumat veriblər. Çıxışlarda su və su təsərrüfatı obyektlərindən qanunvericiliyə uyğun istifadənin vacibliyi, həmçinin iqlim dəyişikliklərinin su ehtiyatlarına təsiri diqqətə çatdırılıb.Tədbir zamanı su ehtiyatlarının qorunması, onların səmərəli istifadəsi, əhalinin təmiz su ilə təmin olunması, israfçılığın qarşısının alınması və gələcək nəsillər üçün dayanıqlı su təminatının yaradılmasının əhəmiyyəti xüsusi vurğulanıb.Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb, mövzu ilə bağlı maarifləndirici broşürlər paylanılıb.