“Sudan səmərəli istifadənin təşkili” mövzusunda vətəndaşların maarifləndirilməsi məqsədi ilə tədbir keçirilib

Mayın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Su həyatdır, həyatını qoru!” sosial aksiyanın davamı olaraq 3 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, 4 saylı Mənzil İstismar İdarəsinin əhatə etdiyi ərazidə yaşayan şəhər sakinləri ilə birlikdə “Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.

Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs Naxçıvan Şəhər Sukanal İdarəsinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölməsinin əməkdaşları və vətəndaşlar iştirak edib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Səyyad Əliyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb. 

Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin mühəndisləri Səmra Mehralıyevanın və Əli Talıblının çıxışları dinlənilib.

Bildirilib ki, içməli su qıtlığı həm bəşəri, həm də fərdi problemdir. Ona görə də hər birimiz sudan səmərəli və qənaətlə istifadə etməliyik. Bu gün mühafizə olunan qənaətlə istifadə olunan hər damla su gələcək nəsillərin həyat mənbəyidir. Bunun üçün hər bir vətəndaş ictimai statusundan, yaşadığı sosial və iş şəraitindən asılı olmayaraq sudan səmərəli və  qənaətlə istifadə etməlidir.

Eyni zamanda torpaqların münbitliyinin qorunması, bərpası və mühafizəsiylə bağlı zəruri olan tədbirlərin görülməsi, suvarılan torpaqların genişləndirilməsi, əkilən sahələrdə su itkisinə yol verilməməsi və su ehtiyatlarından daha səmərəli istifadə edilməsi ilə kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəlməsinə nail oluna bilər.

Həmçinin tədbirdə ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.

Tədbirin sonunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs Naxçıvan Şəhər Sukanal İdarəsinin Emal qurğuları sahəsi rəisi Vüqar Talıbov tərəfindən vətəndaşları maraqlandıran suallar cavablandırılıb, sonda maarifləndirici broşürlər paylanılıb.