“Sudan səmərəli istifadənin təşkili” mövzusunda tədbir keçirilib

Mayın 8-də Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Su həyatdır, həyatını qoru!” sosial aksiyanın davamı olaraq 1 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, 2 və 3 saylı Mənzil İstismar İdarəsinin əhatə etdiyi ərazidə yaşayan şəhər sakinləri ilə birlikdə “Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölməsinin əməkdaşları və vətəndaşlar iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin mühəndisləri Səmra Mehralıyevanın və Əli Talıblının çıxışları dinlənilib.
Qeyd edilib ki, muxtar respublikada su ehtiyatlarının tükənmə ehtimalının qarşısının alınması məqsədi ilə sudan səmərəli istifadə etməklə torpaq münbitliyinin artırılması və becərilən kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsi hər zaman aktual məsələdir. Bu istiqamətdə aparılan bir sıra tədbirlər nəticəsində şoranlaşma və bataqlaşmanın qarşısı alınır və yaşıllıqların sahəsi daha da artırılır.
Həmçinin tədbirdə ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda vətəndaşları maraqlandıran suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.