Mayın 13-də Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Su həyatdır, həyatını qoru!” sosial aksiyanın davamı olaraq 4 nömrəli Sahə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyin, 1 və 6 saylı Mənzil İstismar İdarələrinin əhatə etdiyi ərazidə yaşayan vətəndaşlarla birlikdə “Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs Naxçıvan Şəhər Sukanal İdarəsinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölməsinin əməkdaşları və vətəndaşlar iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı İqbal Allahverdiyev giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb və hər bir vətəndaşın ictimai statusundan, yaşadığı sosial və iş şəraitindən asılı olmayaraq sudan səmərəli və qənaətlə istifadə edilməsini vətəndaşların diqqətinə çatdırıb.
Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin mühəndisləri Səmra Mehralıyevanın və Əli Talıblının çıxışları dinlənilib.
Qeyd edilib ki, dünyada şirin su ehtiyatlarının tükənməsi, iqlim dəyişikliyi və qlobal istiləşmə su ehtiyatlarının və yer səthinə düşən yağıntıların kəskin azalmasına səbəb olmuşdur. Belə şəraitdə mövcud su ehtiyatlarının effektiv idarəetməsinin təşkili, sənayedə sudan səmərəli istifadə, tullantı sularının yenidən emalolunması mühüm önəm daşımaqdadır. İçməli su qıtlığı həm bəşəri, həm də fərdi problemdir. Buna görə də hər bir vətəndaş sudan səmərəli və qənaətlə istifadə etməlidir. Bu gün qənaətlə istifadə olunan hər bir damla su gələcək nəsillərin həyat mənbəyidir.
Həmçinin tədbirdə ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda isə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" Publik Hüquqi Şəxs Naxçıvan Şəhər Sukanal İdarəsinin Emal qurğuları sahəsi rəisi Vüqar Talıbov tərəfindən vətəndaşları maraqlandıran suallar cavablandırılıb.