Mayın 1-də Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən “Su həyatdır, həyatını qoru!” sosial aksiyanın davamı olaraq Əliabad qəsəbəsində “Sudan səmərəli istifadənin təşkili” mövzusunda növbəti maarifləndirici tədbir keçirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölməsinin əməkdaşları və torpaq mülkiyyətçiləri iştirak edib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Könül Məmmədova giriş sözü ilə çıxış edərək tədbirin mahiyyətindən söz açıb.
Daha sonra ADSEA yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətinin 14 saylı regional bölmənin mühəndisləri Səmra Mehralıyevanın və Məftun Kərimovun çıxışları dinlənilib.
Bildirilib ki, hazırda dünyada şirin su ehtiyatlarının tükənməsi, iqlim dəyişikliyi və qlobal istiləşmə su ehtiyatlarının və yer səthinə düşən yağıntıların kəskin azalmasına səbəb olmuşdur. Belə şəraitdə mövcud su ehtiyatlarının effektiv idarəetməsinin təşkili, quraqlığa davamlı bitkilərin əkini, sənayedə sudan səmərəli istifadə, tullantı suların təkrar emalı önəm daşımaqdadır.İçməli su qıtlığı həm bəşəri, həm də fərdi problemdir. Ona görə də hər birimiz sudan səmərəli və qənaətlə istifadə etməliyik. Bu gün mühafizə olunan qənaətlə istifadə olunan hər damla su gələcək nəsillərin həyat mənbəyidir. Bunun üçün hər bir vətəndaş ictimai statusundan, yaşadığı sosial və iş şəraitindən asılı olmayaraq sudan səmərəli və qənaətlə istifadə etməlidir.
Həmçinin suvarma sistemlərinin yenidən qurulması və torpaqların meliorativ vəziyyətlərinin yaxşılaşdırılması, mövcud su resurslarından istifadə imkanlarının genişləndirilməsi və suvarma drenaj şəbəkələrinin inkişaf etdirilməsi sahəsində mühüm tədbirlər həyata keçirilir.
Tədbirdə ekoloji tarazlığın qorunmasının və su ehtiyatlarından səmərəli istifadənin bu günün deyil, gələcəyin də əsas prioritetlərindən olduğu diqqətə çatdırılıb.
Tədbirin sonunda torpaq mülkiyyətçilərini maraqlandıran suallar cavablandırılıb, maarifləndirici broşürlər paylanılıb.