Strateji tərəfdaşlıq və hidroenerji sahəsində əldə olunan uğurlar

Bakıda 3 mart 2026-cı il tarixdə keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 12-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 4-cü iclasında Prezident cənab İlham Əliyev çıxışı zamanı bildirmişdir ki, dünyanın ən qüdrətli dövləti – Amerika Birləşmiş Ştatları – strateji tərəfdaşımız kimi çıxış edir və bu, planlarımızın gerçəkləşməsini tamamilə real edir.
Dövlət başçısı qeyd etmişdir ki, Azərbaycan hidroelektrik stansiyalarına sərmayə yatırır və bu layihələr Ermənistanın işğaldan azad edilmiş ərazilərində icra olunur. Hazırda 307 meqavat gücündə hidroelektrik stansiyalar artıq sistemimizə qoşulub və qarşıdakı 2–3 il ərzində bu göstəricinin ikiqat artırılması planlaşdırılır. Bu, ölkəmizə əlavə potensial və ucuz enerji təmin edəcəkdir.
Cənab Prezident vurğulamışdır ki, ölkəmizdə hidroenerji, Günəş enerjisi, külək enerjisi, potensial olaraq termal enerji və təbii qazın kombinasiyaları üzrə işlər davam edir. Dövlət başçısı çıxışında qeyd etmişdir ki, COP29 çərçivəsində – iqlim konfransında da bildirdiyi kimi faydalı qazıntı yanacaqlarını nəzərə almadan enerji strategiyası qurmaq mümkün deyil.
Prezident cənab İlham Əliyev əlavə etmişdir ki, hamımız planetin təhlükəsiz və təmiz olmasını istəyirik və iqlim dəyişikliyinin fəsadlarını görmək istəmirik. Bununla belə, enerji siyasətinə ideologiya deyil, praqmatizm və realizm yanaşması vacibdir. Azərbaycan qaz ehtiyatlarını 100 il üçün təmin edə biləcək potensiala malik olmasına baxmayaraq, bərpaolunan enerji mənbələrinə milyardlarla sərmayə yatırır və işin məhz belə aparılması zəruridir.