Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir.

Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər son illərdə intensiv olaraq inkişaf etməkdədir. Xüsusilə ölkəmizin 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrliyi və bu çərçivədə Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsi istiqamətində görülən işlər Şərqi Afrikanın 20 milyona yaxın əhalisi ilə inkişaf etməkdə olan müsəlman ölkəsi Somali ilə əməkdaşlığın inkişafına da zəmin yaratmışdır. İki ölkə arasındakı münasibətlər yeni formalaşan, lakin strateji əhəmiyyət kəsb edən əlaqələrdir. Həm Azərbaycan, həm də Somali geosiyasi baxımdan vacib mövqedə yerləşir və əməkdaşlıq potensialı böyükdür.

Qeyd edək ki, təbii resurslarla zəngin, eyni zamanda uzun illər müstəmləkəçilikdən əziyyət çəkən Afrika qitəsində Azərbaycan böyük nüfuza malikdir. Çünki ölkəmiz bütün tərəfdaşlara səmimi dostluq və əməkdaşlıq təklif edərək Fransa və digər ölkələrin müstəmləkə siyasətinə qarşı mübarizə aparan, Afrika dövlətlərini hər zaman dəstəkləyən azsaylı ölkələrdən biridir. Bu baxımdan fevralın 12-də Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmudun Azərbaycana rəsmi səfəri və səfər çərçivəsində imzalanan sənədlər ikitərəfli əlaqələrin gələcək inkişafı üçün mühüm mərhələ təşkil edir. 

Səfər ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Somali Federativ Respublikasının Prezidenti Hasan Şeyx Mahmud mətbuata bəyanatlarla çıxış ediblər. Azərbaycan Prezidenti əmin olduğunu bildirib ki, iki ölkə arasında imzalanmış bütün razılaşmalar həyata keçiriləcək və münasibətlərimizi daha yüksək səviyyəyə qaldıracaq. 

Dövlətimizin başçısı qeyd edib ki, regionlarımızda geosiyasi vəziyyəti, ölkələrimizin üzləşdiyi çağırışları geniş şəkildə müzakirə etdik və ölkələrimizin ərazi bütövlüyünə, suverenliyinə qarşılıqlı dəstəyimizi, eləcə də terrorçuluğa və ekstremizmə qarşı mübarizədə ortaq mövqeyimizi bir daha vurğuladıq. Əlbəttə, hər bir ölkə üçün siyasi sabitlik inkişafı təmin edən ilkin şərtdir. 1990-cı illərdən və bu əsrin əvvəlindən tutmuş beynəlxalq səviyyədə tanınmış ərazilərimizin erməni işğalından azad edilməsinə qədər Azərbaycanın üzləşdiyi ağır dövr barədə cənab Prezidentə məlumat verdim.

Həmçinin, müdafiə əməkdaşlığımızın mühüm sahələrindən biridir. Bu gün sənəd imzalandı və sabah cənab Prezident Azərbaycanın müdafiə imkanlarının, o cümlədən müdafiə sənayesinin bəzi elementləri ilə tanış olacaq. Hazırda nümayəndə heyətlərinin görüşü zamanı biz bu imkanları birmənalı şəkildə müzakirə edəcəyik. Azərbaycan müdafiə avadanlığının əksər hissəsini istehsal edərək, güclü müdafiə sənayesi potensialını yaradıb. Həmin avadanlıq həm bizə lazımdır, həm də müasir müdafiə avadanlığına malik olan 10-a yaxın ölkənin mühüm ixracatçısına çevrilmək imkanıdır. Burada təlimlər də var, çünki İkinci Qarabağ müharibəsi və sonradan antiterror əməliyyatı hərbi qulluqçularımızın yüksək peşəkarlığını nümayiş etdirdi. Onlar altı və ya yeddi müdafiə xəttinə, müxtəlif müdafiə istehkam infrastrukturuna baxmayaraq, təxminən otuz il işğal altında olan ərazimizi çox mürəkkəb coğrafi relyef şəraitində azad edərək, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qısa müddət ərzində tam bərpa edə bildilər. Beləliklə, sabah, həmçinin xüsusi təyinatlılarımız cənab Prezidentə təqdim olunacaq. Bir sözlə, düşünürəm ki, müdafiə sahəsində əməkdaşlıq, təlimlər və potensial qaydada müdafiə avadanlığının birgə istehsalı, Azərbaycandan Somaliyə onun təchizatı əməkdaşlığımızın mühüm sahələrindən biri olmalıdır.

Dövlət xidmətləri sahəsində işbirliyinin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev imzalanmış razılaşmalardan birinin məhz həmin sahəni əhatə etdiyini bildirib. Azərbaycanda artıq uğurla işləyən sistem – ASAN dövlət xidmətləri sistemi bir çox beynəlxalq mükafatlara layiq görülüb. Ən mühüm mükafat isə Azərbaycan xalqının verdiyi qiymətdir. Çünki Azərbaycanda ASAN xidmətlərin bəyənilmə reytinqi 100 faizə yaxındır. Bu, həqiqətən göstərir ki, həmin xidmət insanların həyatını daha da asanlaşdırır. Bilirəm ki, Prezidentin proqramında həmin xidmət mərkəzlərindən birinə səfər var və əgər siz qərar qəbul etsəniz, bəyənsəniz, biz sizin ölkədə oxşar sistemi qura bilərik.

Təbii ki, tərəfdaşlığımızın mühüm sahəsi beynəlxalq təsisatlarda qarşılıqlı dəstəkdir. Xarici işlər nazirlərimiz çox tədbirlərdə görüşərək həmin məsələləri müzakirə ediblər. Biz BMT, İslam Əməkdaşlığı Təşkilatı və digər beynəlxalq qurumlarda bir-birimizə dəstəyi birmənalı olaraq davam etdirəcəyik. Çünki hər iki ölkə üçün arxalanacağımız tərəfdaşlara və dostlara malik olmaq çox vacibdir.

Somali Prezidenti Hasan Şeyx Mahmud səfəri ikitərəfli münasibətlərdə yeni eranın başlanğıcı kimi qiymətləndirərək bunun sadəcə, diplomatik əməkdaşlıq deyil, həqiqətən də iki qardaş ölkə arasında tərəfdaşlıq üzrə səmərəli və strateji müttəfiqliyin başlanğıcı olduğunu qeyd edib.