Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri

Azərbaycan Respublikası ilə Balkan yarımadası ölkələri arasında bir sıra sahələrdə, həmçinin, energetika sahəsində əməkdaşlıq əlaqələri yüksələn xətt üzrə inkişaf edir. Bu əməkdaşlığı daha da genişləndirmək istəyən yarımada ölkələrdən biri də Şimali Makedoniyadır.

Martın 11-də Şimali Makedoniya Respublikasının Prezidenti Qordana Silyonovska-Davkovanın Azərbaycana rəsmi səfəri də Bakı ilə Skopye arasında ikitərəfli münasibətlərin inkişafında mühüm əhəmiyyət daşıyır.

Ali qonağın ölkəmizə səfəri ilə bağlı dövlət başçılarının mətbuata birgə bəyanatında Prezident İlham Əliyev Şimali Makedoniya dövlət başçısının COP29 konfransında fəal iştirakına diqqəti çəkib, konfransın uğurla keçirilməsinə verdiyi töhfəni vurğulayıb. 

Prezident qeyd edib ki, ikitərəfli münasibətlərin inkişafı üçün fəal iş aparılır. Siyasi əlaqələrin inkişafı üçün əlavə tədbirlər görülməli, müvafiq dövlət qurumları təbii olaraq sıx təmasda olmalıdır. Eyni zamanda, iqtisadi sahədə, sərmayə qoyuluşu sahəsində imkanlar araşdırılmalıdır. Əfsuslar olsun ki, bu günə qədər ticari-iqtisadi sahədə böyük nəticələr əldə edilməyib. Ancaq ümid edirəm ki, Sizin rəsmi səfərinizdən və nümayəndə heyətlərinin təmaslarından sonra biz bu boşluğu da dolduracağıq.

Son ayların müsbət əlaməti də ondan ibarətdir ki, iki ölkə energetika sahəsində əməkdaşlığa başlamışdır. Azərbaycan qazı artıq Şimali Makedoniyanın bazarına çatdırılmışdır və bu, keçən ilin sonlarında baş verdi, bu il artıq müntəzəm olaraq Azərbaycan sizin bazarınızı təbii qazla təmin edəcəkdir.

Dövlət başçısı vurğulayıb ki, Azərbaycan gələcəkdə lazım olan həcmdə qaz təchizatını artıra bilər. Çünki biz bu gün yeni qaz yataqlarının istismara verilməsi istiqamətində fəal iş aparırıq. Bildirməliyəm ki, hazırda Azərbaycan 12 ölkəyə təbii qaz ixrac edir və bizim müştərilərimizin coğrafi yerləşməsi də Avrasiya məkanını əhatə edir. On iki ölkədən 10 ölkə Avropa ölkəsidir. Keçən il Azərbaycan xarici bazarları 25 milyard kubmetr qaz ilə təchiz etmişdir. Təbii ki, bizim istehsalımız bundan daha çoxdur. Çünki biz yerli tələbatı da ödəyirik. Ancaq qaz təchizatımızın coğrafiyasının genişləndirilməsi də gündəlikdə duran məsələdir. Avropa Azərbaycan qazına ehtiyac duyur. Bu gün Azərbaycan qazı bir çox Avropa ölkəsinin enerji təhlükəsizliyini təmin edir və Avropadakı tərəfdaşlarımızın xahişlərinə biz hər zaman böyük diqqətlə yanaşmışıq.

Prezident xalqlarımızın humanitar sahədə əməkaşlığına böyük ehtiyac olduğunu vurğulayıb: “Şadam ki, Siz eyni zamanda, XII Qlobal Bakı Forumunda iştirak edəcəksiniz. Nizami Gəncəvi Beynəlxalq Mərkəzi tərəfindən təşkil olunan bu Forum dünya miqyasında layiqli yerini tuta bilib”.

Şimali Makedoniya Prezidenti qeyd edib ki, “Azərbaycan müsəlman Şərqində ilk cümhuriyyət qurmuşdur, eləcə də ilk opera, ilk filarmoniya məhz burada yaradılmışdır. Bu ölkə öz zəngin mədəniyyəti ilə seçilir.  

Həmçinin, “Azərbaycan beynəlxalq münasibətlərdə də çox fəaldır, nəinki beynəlxalq geosiyasi səhnədə mühüm yerləşməsi ilə seçilir, o cümlədən bizim kimi kiçik ölkələrin ehtiyac duyduğu təbii qaz, bərpaolunan enerji baxımından çox maraqlı tərəfdaşa çevrilir” söyləyən Ali qonaq vurğulayıb ki, ölkəsi irəliyə doğru addımın atılmasında maraqlıdır.