Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür

Bu əlamətdar gün Prezident İlham Əliyevin 2004-cü il 21 avqust tarixli Fərmanına əsasən təsis edilib. Fərmana əsasən, ölkəmizin bütün təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlanır.
Ölkəmizdə təhsil müəssisələrinin əsaslı təmiri, yenidən qurulması və yenilərinin inşası, onların zəruri tədris avadanlığı ilə təchizi gənc nəslin daha bilikli yetişməsinə hesablanıb.
Yeni məktəb binalarının və tədris korpuslarının inşası şagird sıxlığını aradan qaldırmaqla, həm də onların daha keyfiyyətli təhsil almasına şərait yaradır. Məktəblərin infrastrukturunun tamamilə yenilənməsi Azərbaycanda təhsilin inkişafına göstərilən diqqət və qayğının daha bir təzahürüdür.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb.
Beləliklə, istər məktəbəqədər, istərsə də ümumi və ali təhsilin inkişafı istiqamətində həyata keçirilən islahatlar sayəsində təlim-tədris şəraiti daha da yaxşılaşdırılır. Bu da öz növbəsində, təhsilin müasir dövrün tələblərinə uyğunlaşdırılmasına zəmin yaradır.