Martın 11-də Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsi, Naxçıvan Şəhər Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə Naxçıvan Şahmat Mərkəzində şəhidlərin əziz xatirəsinə həsr olunmuş şəhər tam orta məktəblərinin komandaları arasında şahmat üzrə Naxçıvan şəhər birinciliyi keçirilib.
Yarışın keçirilməsində əsas məqsəd şəhidlərin əziz xatirəsinin yad edilməsi və məktəbli şahmatçıların ustalıq dərəcələrinin artırılmasından ibarət olub.
Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Çıxış edənlər tədbirin keçirilmə məqsədi haqqında komandalara ətraflı məlumat verib, onlara uğurlar arzulayıblar. Şəhid valideynləri və yaxınları çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar.
Birincilikdə 12 tam orta məktəbin komandası, hər komandada isə 6 nəfər olmaqla ümumilikdə 72 şagird iştirak edib. Yekuna əsasən, 8 nömrəli tam orta məktəbin komandası I yerə, 10 nömrəli tam orta məktəbin komandası II yerə, 3 və 17 nömrəli tam orta məktəblərin komandaları isə III yerə layiq görülüblər.
Sonda qalib komandalara və komanda üzvlərinə diplomlar, hədiyyələr təqdim edilib.