“Şəxsi potensialın kəşfi və inkişafı” mövzusunda tədbir keçirilib

16 yanvar 2026-cı il tarixdə Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbdə “Şəxsi potensialın kəşfi və inkişafı” mövzusunda maarifləndirici tədbir təşkil olunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Rəfail Əhmədov və Naxçıvan Şəhər Təhsil Şöbəsinin əməkdaşı Şəfa Rəhimova çıxış edərək bildiriblər ki, şəxsi potensial hər bir insanın daxilində mövcud olan bacarıq və imkanların məcmusudur. Bu potensialın kəşfi insanın özünü tanıması ilə başlayır. Davamlı öyrənmə, məqsədyönlü fəaliyyət və öz üzərində çalışma şəxsi inkişafın əsas şərtləridir. İnsan öz imkanlarını dərk etdikdə daha inamlı qərarlar verir və cəmiyyətə daha faydalı olur.
Qeyd olunub ki, şəxsi potensialın inkişafı zaman və səbr tələb edən bir prosesdir. Bu prosesdə özünü qiymətləndirmə, yeni bacarıqların qazanılması və çətinliklərə açıq olmaq mühüm rol oynayır. Müxtəlif təcrübələr insanın gizli imkanlarını üzə çıxarır, potensialın düzgün yönləndirilməsi isə həm fərdi, həm də peşəkar inkişafı təmin edir.
Daha sonra Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı Firuzə Hüseynova təqdimatla çıxış edərək bildirib ki, hər bir insan fərqli potensiala malikdir və bu potensialın üzə çıxarılması məqsəd və motivasiyadan asılıdır. Davamlı inkişaf mühiti, müsbət düşüncə və iradə bu yolda əsas amillərdir. Şəxsi potensialın inkişafı insanın özünə inamını artırır və həyat keyfiyyətini yüksəldir, eyni zamanda cəmiyyətin ümumi inkişafına töhfə verir.
Sonda məktəbin direktoru Sevil Mirzəyeva tədbirin təşkilatçılarına təşəkkür edərək bu kimi maarifləndirici tədbirlərin əhəmiyyətini vurğulayıb.
Tədbir diskussiya formatında davam etdirilib, iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.