21 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyəti, Naxçıvan şəhər Gənclər və İdman İdarəsi və Naxçıvan şəhər Uşaq-Gənclər İdman Məktəbinin birgə təşkilatçılığı ilə İlham Əliyev adına Olimpiya İdman Kompleksində şəhidlərin əziz xatirəsinə həsr olunmuş 2014–2015-ci il təvəllüdlü kiçikyaşlı yeniyetmələr arasında sərbəst güləş üzrə Naxçıvan şəhər açıq birinciliyi keçirilib.
Açılış mərasimində Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Açılış mərasimində çıxış edənlər böyük şücaət göstərən şəhidlərimizin gənc nəslə örnək olduğunu və onların daim böyük hörmətlə xatırlandığını qeyd ediblər. Ardınca tədbirə fəxri qonaq qismində dəvət olunan şəhid ailələri çıxış edərək təşkilatçılara təşəkkürlərini bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərmanlar təqdim olunub.
Yarışda 10 çəki dərəcəsi üzrə 50 idmançı qüvvəsini sınayıb. Birinciliyin yekununa əsasən 26 kq çəki dərəcəsində Mərdan Novruzlu, 29 kq çəki dərəcəsində Mikayıl Məmmədli, 32 kq çəki dərəcəsində Sərxan Əlizadə, 35 kq çəki dərəcəsində Hüseyn Rəhimov, 38 kq çəki dərəcəsində Rüzgar Məmmədov, 42 kq çəki dərəcəsində Sunay Nəzərov, 47 kq çəki dərəcəsində Səttar Abdullayev, 52 kq çəki dərəcəsində Hüseyn Mirzəyev, 59 kq çəki dərəcəsində Polad Tağıyev, 63 kq çəki dərəcəsində Həmid Babayev qalib olublar.
Birinciliyin sonunda ilk üç yerin qalibləri mükafatlandırılıblar.