Şəhidlərin əziz xatirəsinə həsr olunmuş Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında “Robotunu yarat” müsabiqəsi

30 may 2024-cü il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyəti, Gənclər və İdman İdarəsi və Təhsil Şöbəsinin təşkilatçılığı ilə şəhidlərin əziz xatirəsinə həsr olunmuş “Robotunu yarat” müsabiqəsi keçirilib. H.Cavid adına 5 nömrəli tam orta məktəbdə Naxçıvan şəhər tam orta məktəblərinin komandaları arasında keçirilən tədbirin əsas məqsədi şəhidlərin əziz xatirəsinin yad edilməsi, məktəblilərə robot texnikası və kodlaşdırma təhsilinin əhəmiyyətinin aşılanması olub. Oyun başlanmazdan öncə ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Oyunun açılış mərasimində çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Şəhər Gənclər və İdman İdarəsinin rəisi Tahir Məmmədli və Naxçıvan Şəhər Təhsil Şöbəsinin metodkabinet müdiri Heyran Əhmədova tədbirin mahiyyəti və müsabiqənin qaydaları haqqında məlumat veriblər. Daha sonra şəhid valideynləri çıxış edərək təşkilatçılara təşəkkürünü bildirib, qəhrəmanlarımızın gənc nəslə tanıdılması istiqamətində görülən işlərin sevindirici olduğunu vurğulayıblar. Sonra şəhid valideynlərinə yarışdan xatirə olaraq fəxri fərman təqdim edilib. Müsabiqədə 14 məktəbdən hər komandanın tərkibi 1 müəllim 2 şagird olmaqla 42 nəfər iştirak edib. Naxçıvan Şəhər Təhsil Şöbəsinin formalaşdırdığı münsiflər heyətinin qərarına əsasən 11 nömrəli tam orta məktəbin komandası I, 9 nömrəli tam orta məktəbin komandası II, 7 nömrəli tam orta məktəbin komandası III yerə, 8 və 15 nömrəli tam orta məktəblərin komandası isə həvəsləndirici yerlərə layiq görülüb. Qalib və fərqlənən komanda və komanda üzvlərinə təşkilatçıların diplom və fəxri fərmanları təqdim olunub.