Martın 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhidlər Xiyabanında şəhid Vəli Zeynalovun məzarı başında anım tədbiri keçirilib.
Tədbir başlamazdan əvvəl Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi ehtiramla yad edilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, şəhid Vəli Zeynalov təkcə bir dövlət məmuru deyil, eyni zamanda hər zaman vətəninə bağlı, onu dərin məhəbbətlə sevən bir insan olub. O vurğulayıb ki, Vəli Zeynalov 28 mart 1990-cı ildə Gərməçataq istiqamətində gedən döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.
Qeyd olunub ki, Vəli Zeynalovun əziz xatirəsi Azərbaycan xalqının yaddaşında daim yaşayacaq, onun həyatı və fəaliyyəti əsl vətəndaşlıq və dövlət qulluğunun nümunəsi kimi gələcək nəsillərə örnək olacaqdır.
Tədbirdə Naxçıvan şəhər 3 nömrəli məktəbin şagirdi Fidan Süleymanova çıxış edərək şəhid Vəli Zeynalovun həyat və fəaliyyətindən bəhs edib, onun keçdiyi şərəfli ömür yolunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Sonda tədbir iştirakçıları şəhidin məzarını ziyarət edərək önünə tər güllər düzüb, xatirəsini ehtiramla anıb və xatirə şəkli çəkdiriblər.