Şəhid Zeynalov Elnur Elsəvər oğlunun doğum günü qeyd olunub

İyulun 28-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Zeynalov Elnur Elsəvər oğlunun doğum günü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, N saylı hərbi hissənin əməkdaşları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib, Elnur Zeynalovun Qubadlı, Füzuli, Cəbrayıl, Xocavənd uğrunda gedən döyüşlərdə göstərdiyi rəşadətə görə medallara və “Qarabağ” ordeninə layiq görüldüyünü vurğulayıb. İsmayıl Gülməmmədov qeyd edib ki,  bu gün şəhidlərimizin ruhu şaddır. Ona görə ki, 30 il düşmən tapdağında olan torpaqlarımızda bu gün artıq quruculuq işləri gedir və doğma torpaqlarına həsrət qalan soydaşlarımız yenidən öz ata-baba yurdlarına qayıdırlar. Şəhidlərimizin bu qəhrəmanlığı heç bir zaman unudulmayacaq, onların rəşadəti və qəhrəmanlığı  daim Azərbaycan xalqının qəlbində yaşayacaqdır.
Sonra tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Orucov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, qazi, Təbriz Zeynalov, şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva, şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov və şəhidin qardaşı Ruslan Zeynalov çıxış ediblər.
Tədbirin sonunda xatirə şəkili çəkdirilib.