Şəhid Seyidov Nihat Mehman oğlunun doğum günü qeyd olunub

İyunun 12-də şəhid Seyidov Nihat Mehman oğlunun doğum günü ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşlarının, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun zabit və əsgərlərinin, Naxçıvan Dövlət Universitetinin tələbələrinin, 17 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin iştirakı ilə tədbir keçirilib.
İlk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhid ailələrinə olan hörmət və ehtiramını bildirdi, Cənab prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğuladı.
Həmçinin qeyd etdi ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti dəstəkləyəcək, torpaqlarımızın yenidən işğal altına düşməsinə imkan verməyəcək, şəhidlərimizin qəhrəmanlığı heç bir zaman unudulmayacaqdır.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, 17 nömrəli məktəbin direktoru Sevil Mirzəyeva, qazi Mirkənan Kərimov və şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova çıxış ediblər.
Sonra şəhid Nihat Seyidovun anası İlhamə Seyidova çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şagirdlər tərəfindən torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri qiraət edilib.