İyun ayının 7-də şəhid Sahil Məmmədovun doğum günü ilə əlaqədar olaraq Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, şəhid ailələri və qazilərin, həmçinin ictimaiyyət nümayəndələrinin də iştirakı ilə tədbir keçirilib.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhid Sahil Məmmədovun döyüş yolunu bugünkü və gələcək nəsillərə örnək olduğunu göstərib. Həmçinin Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbəni hərb tarixində analoqu olmayan bir qələbə olduğunu bildirdi. Qeyd edilib ki, bu gün şəhid ailələrinə, Vətən müharibəsində əlil olmuş şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və işlə təmin edilməsi hər zaman diqqətdə saxlanılır.
Daha sonra Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nuray Əliyeva və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov çıxış edərək ölkəmizdə şəhid ailələrinə göstərilən dövlət qayğısından danışıblar. Həmçinin ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin heç bir zaman unudulmayacağını, onların şücaət və qəhrəmanlığının hər bir azərbaycanlının qəlbində daim yaşayacağını qeyd ediblər.
Sonra şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şəhid Sahil Məmmədovun qızı Şəms Məmmədova və şagirdlər tərəfindən torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri qiraət edilib.
Tədbirin sonunda şəhid ailələri ilə birlikdə xatirə şəkili çəkdirilib.