Şəhid Rəcəbov Vaqif Yaqub oğlunun doğum günü qeyd olunub

23 fevral 2026-cı il tarixində Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Rəcəbov Vaqif Yaqub oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək şəhid Vaqif Rəcəbovun həyat və döyüş yolundan bəhs edib. Qeyd olunub ki, şəhid Rəcəbov Vaqif Yaqub oğlu həm Vətən müharibəsinin, həm də antiterror əməliyyatının iştirakçısı olmaqla Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin təmin olunmasında xüsusi şücaət göstərib. Onun vətənpərvərlik nümunəsinin gələcək nəsillər üçün örnək olduğu vurğulanıb, şəhidlərimizə və onların ailələrinə hər zaman ehtiram və diqqətin göstərilməsinin hər bir vətəndaşın borcu olduğu bildirilib.
Tədbirdə şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, eləcə də şəhidin müəllimi Fizzə Allahverdiyeva çıxış edərək Vaqif Rəcəbovun yüksək insani keyfiyyətlərindən, vətənə bağlılığından və qəhrəmanlığından danışıblar.
Sonda şəhidin anası Məryəm Rəcəbova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlığını ifadə edib.
Tədbirin sonunda Naxçıvan şəhər 7 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib, şəhidin xatirəsi dərin ehtiramla yad olunub.