Dekabrın 6-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov və həmin şöbənin böyük məsləhətçisi Pərvin Səfərov şəhid Rəcəbov Vaqif Yaqub oğlunun valideyninin yaşadığı mənzildə olub, Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının salamını şəhidin ailəsinə çatdırıb, qayğı və problemləri ilə maraqlanıblar. Şəhidin anası və qardaşı şəhidimizlə bağlı xatirələrindən danışıblar.
Vaqif kimi qəhrəman oğullarımız vətən sevgisi ilə illərdir işğal altında olan torpaqlarımızı vətən etdilər. Yurda azadlıq, qəlblərə rahatlıq gətirdilər. Onun həyat hekayəsi qısa olsa da, çox şərəflidir. Bir ailənin oğlu kimi doğulub vətənə dirək oldu. Özü yaşamadı, Vətəni yaşadanlardan oldu.
Torpaqlarımızın düşmən tapdağından azad olunmasını səbirsizliklə gözləyən Vaqif torpaqlarımızın işğaldan azad edilməsində əsl vətənpərvərlik nümunəsi göstərdi və şəhidlik zirvəsinə ucaldı.
Mən oğlumla fəxr edirəm, qürur duyuram deyən ana şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlıq etib.