Şəhid Qurbanov Xansu Elsevər oğlunun anım günündə məzarı ziyarət edilib.

Anım mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev, dövlət orqanlarının rəhbər şəxsləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputaları, ictimaiyyət nümayəndələri, şəhid ailələri, qazilər və şəhidin ailə üzvləri iştirak ediblər.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayev tədbirdə çıxış edərək şəhidin ailəsinə səbir diləyib, vətənpərvər oğul böyütdükləri üçün valideynlərinə minnətdarlığını bildirib. 

İcra hakimiyyətinin başçısı şəhid ailələri və müharibə əlillərinin sosial müdafiə məsələlərinin həlli istiqamətində aparılan genişmiqyaslı işləri diqqətə çatdırıb, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə tarixi Qələbənin əldə olunmasında canından keçən qəhrəman oğullarımızın xatirəsinin əbədi yaşayacağını söyləyib.

Sonra şəhid valideynləri, qazilər çıxış edərək adını şanlı Zəfər tariximizə yazdırmış, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə Füzulinin, Xocavəndin, Şuşanın azad olunmasına görə və “Vətən uğrunda” medalları ilə təltif edilmiş Qurbanov Xansu Elsevər oğlunun xalqımızın qüruru olduğunu, igid döyüşçümüzün qəlbimizdə, yaddaşımızda əbədi yaşayacağını bildiriblər, şagirdlər şəhidlərə həsr olunan şeirlər söyləyiblər.

Şəhid ailəsi göstərilən diqqətə görə minnətdarlıq edib.