İyulun 20-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Quliyev Vəli Vəli oğlunun doğum günü münasibətilə məzarı başında tədbir keçirilib.
Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Ülviyyə Həmzəyeva, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin və Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşları, vətən müharibəsi iştirakçıları, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq qeyd edib ki, bu gün şəhidlərimizin azad etdiyi torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, bunun nəticəsidir ki, 30 il doğma torpaqlarına həsrət qalan soydaşlarımız öz yurdlarına qayıdır.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, şəhid Gülməmmədov Aminin atası Mayis Gülməmmədov, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev və şəhid Hüseynov Raqibin anası Rəna Hüseynova çıxış ediblər.
Şəhidin anası Həqiqət Quliyeva çıxış edərək şəhid övladları ilə fəxr etdiyini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.