Yanvarın 29-da şəhid Qasımov İbrahim Malikəjdər oğlunun doğum günü ilə əlaqədar şəhid ailələrinin və ictimaiyyət nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin şöbə müdiri İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə Baş İdarəsinin Naxçıvan Şəhər İdarəsinin rəisi vəzifələrini müvəqqəti icra edən Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev çıxış edərək, Ali Baş Komandanımız Cənab İlham Əliyevin rəhbərliyi altında ordumuzun 44 gün ərzində torpaqlarımızı düşmən işğalından azad etməsindən, şəhidlərimizin şücaətindən danışaraq, qazanılan qələbənin hərb tarixində analoqunun olmadığını vurğulayıblar. Qeyd edilib ki, şəhidlərimizin əziz xatirəsi heç bir zaman unudulmayacaq, onların qəhrəmanlığı gənclərimiz və gələcək nəsillərimiz üçün bir örnək olacaqdır.
Şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev çıxış edərək övladlarının qəhrəmanlığı ilə hər zaman qürur duyacaqlarını, onların qəhrəmanlıqlarının Azərbaycan xalqı tərəfindən daima fəxrlə anılacağını bildirdi.
Tədbirdə Şairə Tərlan Məhəmməd qızı çıxış edərək Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizə və onların ailə üzvlərinə olan hörmət və ehtiramını bildirərək, şəhid İbrahim Qasımovun, Abbasəli İsmayılovun, Bağır Ələkbərovun, İslam Eyvazovun, Elməddin Meydanovun xatirəsinə həsr etdiyi “Nuh Yurdu Qəhrəmanları” kitabını şəhidin anası Maral Qasımovaya təqdim edib.
Tədbirin sonunda şəhidin atası Malikəjdər Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq edib, tədbir iştirakçılarına təşəkkürünü bildirib.