Yanvarın 29-da şəhid Qasımov İbrahim Malikəjdər oğlunun doğum günü münasibətilə şəhidin məzarı ziyarət olunub. Ziyarət zamanı Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi ehtiramla yad edilib, şəhid İbrahim Qasımovun ruhuna dualar oxunub.
Anım tədbiri daha sonra Naxçıvan Dövlət Universitetinin nəzdində fəaliyyət göstərən Texniki Kollecdə davam etdirilib. Burada şəhidin xatirəsinə şairə Əzizə Həsənova tərəfindən yazılmış “Üçrəngli bayrağımın dördüncü rəngi – Şəhid” kitabının təqdimatı keçirilib.
Tədbirdə Texniki Kollecin direktoru Asəf Ruşanov, Naxçıvan Şəhər İcra Hakimiyyətinin müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri – şöbə müdirinin müavini İsmayıl Gülməmmədov, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri Asim Yadigar, şairə Təranə Arif qızı, şair Elxan Yurdoğlu, Əlahiddə Ümumqoşun Ordunun zabiti Mirhani Seyidov, şairə Əzizə Həsənova, 16 nömrəli və Heydər Əliyev adına tam orta məktəbin sabiq direktoru Məlahət Rüstəmova çıxış ediblər.
Çıxışlarda şəhid İbrahim Qasımovun vətənpərvər, mərd bir gənc kimi 44 günlük Vətən müharibəsində və antiterror əməliyyatlarında göstərdiyi şücaətdən danışılıb, onun qəhrəmanlığının bu günkü və gələcək nəsillər üçün örnək olduğu vurğulanıb. Şəhidimizin adına yazılmış kitab şəhidlərimizə olan dərin hörmət və ehtiramın bariz nümunəsi kimi yüksək qiymətləndirilib.
Şəhid İbrahim Qasımovun atası Malikəjdər Qasımov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib, eyni zamanda şəhidin adına yazılmış kitaba görə şairə Əzizə Həsənovaya təşəkkür edib.
Tədbir Texniki Kollecin tələbələrinin ifasında şəhidlərə həsr olunmuş mahnıların səsləndirilməsi və şeirlərin qiraət olunması ilə davam edib.