Sentyabrın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Ordusunun həyata keçirdiyi bir günlük antiterror tədbirləri nəticəsində suverenliyimizin tam bərpa olunmasında qəhrəmancasına canından keçən şəhid polis serjantı Əsgərov Ələsgər Zakir oğlunun ikinci il dönümü qeyd olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının, Daxili Qoşunların, Sərhəd Qoşunlarının əsgər və zabitləri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Dövlət Universitetinin tələbə və müəllimləri, Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Qeyd edib ki, Azərbaycan xalqının həyatında müstəsna əhəmiyyət kəsb edən şanlı Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır.
Aparılan antiterror əməliyyatlarında torpaqlarımızın azadlığı və suverenliyi uğrunda qəhrəman oğullarımız şəhid olmuşdur ki, bu qəhrəman oğullarımızdan biri Əsgərov Ələsgər Zakir oğludur.
Ələsgər Əsgərov Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən 19 sentyabr 2023-cü il tarixində həyata keçirilmiş uğurlu lokal antiterror tədbirləri zamanı Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Qeyd edib ki, şəhidlərimiz heç bir zaman Azərbaycan xalqının qəlbindən silinməyəcək, onların qəhrəmanlığı daim uca tutulacaqdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Orucov, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid Zülfü Rzayevin anası Mehparə Rzayeva, itgin şəhid İbrahim Vəlizadənin atası Səməd Vəlizadə, şəhid Ülvi Cəfərovun atası Habil Cəfərov və qazi Mirkənan Kərimov çıxış ediblər.
Sonra şagirdlər tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.