Mayın 12-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid polis serjantı Ələsgər Zakir oğlu Əsgərovun doğum gününə həsr olunmuş tədbir keçirilib.Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov bildirib ki, şəhid Ələsgər Əsgərov polis andına daim sadiq qalaraq şəhidlik zirvəsinə ucalıb. O qeyd edib ki, şəhidin göstərdiyi vətənpərvərlik nümunəsi və polis adına sədaqəti bu gün də gənc nəsil üçün örnəkdir. Bildirilib ki, şəhid adının uca tutulması və şəhid ailələrinə diqqət və qayğının göstərilməsi hər bir vətəndaşın mənəvi borcudur.Tədbirdə həmçinin Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının nümayəndəsi Rail Tağızadə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, Əlahiddə Ümumqoşun Ordunun zabiti Rəvan Qasımzadə, şəhid ailələrinin üzvləri Gülşad Rüstəmova, Xuraman Məmmədova və Mayis Gülməmmədov çıxış edərək şəhidlərin əziz xatirəsinin daim ehtiramla yad olunduğunu vurğulayıblar.Daha sonra şəhidin xalası oğlu Tural Cəfərov şəhid ailələri adından çıxış edərək dövlət tərəfindən göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib.Tədbirin sonunda Naxçıvan şəhər 5 nömrəli məktəbin şagirdləri tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.