Şəhid övladlarının təlim-tədris prosesi ilə tanışlıq olub

Aprelin 27-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov 2025-2026-cı tədris ilinin yekunlaşması ilə əlaqədar olaraq Naxçıvan şəhərinin 5, 8 və 12 nömrəli tam orta məktəblərində, həmçinin Naxçıvan Qarnizonu tam orta məktəbində təhsil alan şəhid övladlarının təlim-tədris prosesi ilə yaxından tanış olub.Məktəblərdə keçirilən dərs prosesində iştirak edən İsmayıl Gülməmmədov şagirdlərin təhsil göstəriciləri, dərsə hazırlıq səviyyələri və ümumi inkişafları ilə maraqlanıb, müəllim kollektivi ilə fikir mübadiləsi aparıb.Müzakirələr zamanı bildirilib ki, şəhid övladları geniş dünyagörüşləri, nümunəvi davranışları və ictimai fəallıqları ilə seçilirlər. Onların dərs prosesində nümayiş etdirdikləri yüksək hazırlıq səviyyəsi, müzakirələrdə fəal iştirakı xüsusi vurğulanıb.Bununla yanaşı, məktəbdaxili və məktəbdənkənar tədbirlərdə təşəbbüskarlıq göstərmələri, müxtəlif sosial və mədəni layihələrdə fəal iştirak etmələri onların hərtərəfli inkişaf etdiyini bir daha nümayiş etdirir.Qeyd olunub ki, təhsil müəssisələrində yaradılmış şərait, müəllimlərin diqqət və qayğısı, eləcə də dövlət tərəfindən göstərilən xüsusi münasibət bu istiqamətdə mühüm rol oynayır.Sonda vurğulanıb ki, şəhid ailələrinin övladlarının təhsilinə göstərilən qayğı sistemli və davamlı xarakter daşıyır, onların savadlı, vətənpərvər və layiqli vətəndaş kimi yetişməsi məqsədilə bu kimi tədbirlər gələcəkdə də ardıcıl şəkildə davam etdiriləcəkdir.