Naxçıvan Şəhər İcra Hakimiyyəti tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğı tədbirləri çərçivəsində növbəti görüşlər keçirilib. Qurumun Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri İsmayıl Gülməmmədov şəhid övladlarının təhsil prosesi və tədris mühiti ilə yaxından tanış olmaq, həmçinin onlara mənəvi dəstək göstərmək məqsədilə bir sıra təhsil və psixoloji dəstək müəssisələrində olub.Görüşlər çərçivəsində Heydər Əliyev adına tam orta məktəb, NDU nəzdində Beynəlxalq Məktəb və Qüsursuz Nitq Psixologiya Mərkəzi ziyarət edilib. Bildirilib ki, Heydər Əliyev adına tam orta məktəbdə 1, Beynəlxalq Məktəbdə isə 4 şəhid övladı təhsil alır, Psixologiya Mərkəzinin xidmətlərindən isə 1 şəhid övladı yararlanır.Heydər Əliyev adına tam orta məktəbdə təhsil alan şagirdin dərsə davamiyyəti, akademik göstəriciləri və məktəb mühitinə uyğunlaşması qənaətbəxş qiymətləndirilib. Qeyd olunub ki, şagirdin təhsil prosesi normal şəkildə davam edir və müəllimlər tərəfindən ona xüsusi diqqət göstərilir.Beynəlxalq Məktəbdə təhsil alan şəhid övladlarının nəticələri ilə bağlı verilən məlumatda vurğulanıb ki, burada ingilisdilli tədris mühiti yüksək səviyyədə təşkil olunub, dərslər interaktiv metodlarla aparılır. İsmayıl Gülməmmədov məktəbdə yaradılan şəraitin xarici ölkələrin qabaqcıl təhsil müəssisələri ilə müqayisə oluna biləcək səviyyədə olduğunu qeyd edib. Eyni zamanda, şagirdlərin ingilis dili üzrə biliklərinin qənaətbəxş olduğu və dərslərdə fəallıq nümayiş etdirdikləri bildirilib.“Qüsursuz Nitq” Psixologiya Mərkəzində isə şəhid övladı ilə aparılan məşğələlərin nəticələri diqqətə çatdırılıb. Bildirilib ki, uşağın nitq və ünsiyyət bacarıqlarında müsbət inkişaf müşahidə olunur, onunla fərdi yanaşma əsasında davamlı psixoloji dəstək təmin edilir.Ümumilikdə keçirilən görüşlər zamanı şəhid övladlarının təhsil və sosial-psixoloji vəziyyəti yerində qiymətləndirilib, onların inkişafına göstərilən dövlət qayğısının bundan sonra da davam etdiriləcəyi vurğulanıb.