Məktəbəhazırlıq qruplarında tədris prosesinə başlayan şəhid övladlarının ilk dərs günü onların həyatında xüsusi əhəmiyyət daşıyan, yadda qalan günlərdən biridir.
Bu münasibətlə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova və icra hakimiyyətinin əməkdaşları Naxçıvan şəhərində yerləşən 12 və 16 nömrəli tam orta məktəblərdə olub, məktəbəhazırlıq qruplarında təhsil almağa başlayan şəhid övladları ilə görüşüblər.
Görüş zamanı Vətən müharibəsi şəhidləri Əli Məmmədovun övladı Əli Məmmədov və Bağır Ələkbərovun övladı Tunar Ələkbərovun təhsilə başlamaları, məktəb həyatı və ilk təəssüratları ilə maraqlanılıb, onlara hədiyyələr təqdim olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısının təbrikləri və xoş arzuları şəhid övladlarına çatdırılıb, onların yeni tədris ilinə başlamaları münasibətilə təbrikləri ifadə olunub.
Şəhid ailələrinin üzvlərinin də iştirak etdiyi görüşlərdə Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğu, onların övladlarının isə dövlətin və cəmiyyətin xüsusi diqqət və qayğısı ilə əhatə olunduğu vurğulanıb.
Şəhid övladlarına məktəb həyatında uğurlar arzulayan Gülxanım Orucova onların hər bir uğurunun şəhidlərimizin müqəddəs xatirəsinə və ailələrinə olan ehtiramın ifadəsi olduğunu qeyd edib.