15 sentyabr 2025-ci il tarixdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Orucəliyev Qabil Əbdül oğlunun doğum günü münasibətilə məzarı başında tədbir keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin əməkdaşları, şəhid ailələri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib.
Vurğulanıb ki, işğaldan azad olunmuş torpaqlara gedən zəfər yollu 2016-cı il aprel döyüşlərindən başlayıb. Bu döyüşlər Azərbaycanın öz torpaqlarını işğalçı qoşunlardan təmizləmək qüdrətində olduğunu sübuta yetirib. Bu qələbinin qazanılmasında Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında dövlət, ordu və xalq birliyi oldu. Bildirilib ki, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimiz heç bir zaman unudulmayacaq, onların şücaət və qəhrəmanlığı hər bir azərbaycanlının qəlbində daim yaşayacaqdır.
Sonra şəhid Qabil Orucəliyevin keçdiyi həyat yolu tədbir iştirakçılarının diqqətinə çatdırılıb, 2016-cı il aprel döyüşlərində Orucəliyev Qabil Əbdül oğlunun vətənpərvərlik nümunəsinin bu günkü və gələcək nəsillər üçün bir örnək olduğu qeyd edilib.
Sonda şəhidin ailə üzvləri ilə xatirə fotosu çəkdirilib.