Şəhid Nuriyev Xanəli Ağəli oğlunun anım günü münasibətilə tədbir keçirilib

Aprelin 26-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Nuriyev Xanəli Ağəli oğlunun anım günü münasibətilə Şahbuz rayonunun Külüs kəndində anım tədbiri keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov bildirib ki, şəhid Nuriyev Xanəli Ağəli oğlu Sədərək döyüşlərində göstərdiyi igidliklə yadda qalıb, 26 aprel 1993-cü ildə Vətən uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. O qeyd edib ki, Xanəli Nuriyev öz ailəsini, övladlarını düşünməklə yanaşı, bütün xalqımızın gələcəyi naminə canından keçərək böyük fədakarlıq nümunəsi göstərib. Vurğulanıb ki, bu gün ölkəmizdə hökm sürən sabitlik və əmin-amanlıq şəhidlərimizin qanı və canı bahasına qazanılıb.Şahbuz Rayon İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini Azər Cəbiyev, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini Rail Tağızadə də çıxış edərək şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların qəhrəmanlıq yolunun gənc nəsil üçün örnək olduğunu bildiriblər.Sonda şəhid Xanəli Nuriyevin qızı Təranə Nuriyeva çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını ifadə edib.Tədbirin sonunda şəhid ailəsi ilə birgə xatirə şəkli çəkdirilib.