İyulun 31-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Məmmədzadə Pərviz Zahid oğlunun məzarı başında doğum günü münasibətilə tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Naxçıvan şəhər Qaraçuq və Qaraxanbəyli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin və Naxçıvan şəhər Qaraçuq bələdiyyəsinin əməkdaşları, həmçinin şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Ordumuzun tariximizə yazdığı 44 günluk Vətən müharibəsində qələbənin qazanılmasında şəhid Məmmədzadə Pərviz Zahid oğlunun da payı olduğunu vurğulayıb, Xocavənd istiqamətində gedən döyüşlərdə vətənpərvərlik nümunəsi göstərərək şəhidlik zirvəsinə ucaldığını xüsusi qeyd edib. Bildirilib ki, şəhidimizin 19 illik bir ömür yaşamasına baxmayaraq onun xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Tədbirdə, həmçinin Əlahiddə Ümumqoşun Ordu Komandanlığının zabiti, mayor Mirhani Seyidov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova və şəhidin anası Pərvanə Cəfərova çıxış ediblər.
Sonda şəhidin məzarı başında xatirə şəkili çəkdirilib.