Şəhid Məmmədzadə Pərviz Zahid oğlu və şəhid Məmmədov Araz Qəhrəman oğlunun anım günləri qeyd edilib.

Bu münasibətlə Qaraçuq və Tumbul kəndlərində keçirilən tədbirlərdə Naxçıvan Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülxanım Orucova, şöbənin baş məsləhətçisi Rəfail Əhmədov, İcra hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov, Sosial Xidmətlər Agentliyinin Naxçıvan şəhər şöbəsinin direktoru İmran Əliyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Baş Gömrük İdarəsinin əməkdaşları, Naxçıvan şəhər 9 və 13 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. 

Anım mərasimində canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş şəhidlərimizin əziz xatirəsinə dualar oxunub, xatirələri bir dəqiqəlik sükutla yad edilib.

Tədbir iştirakçıları şəhidlərin valideynlərinə və ailə üzvlərinə başsağlığı verib, çıxış edənlər qəhrəman Vətən oğullarının igidliyi, şücaəti nəticəsində 30 illik torpaq həsrətinə son qoyulduğunu mərasim iştirakçılarının diqqətinə çatdırıblar. 9 və 13 nömrəli tam orta məktəblərin şagirdləri şəhidlərə həsr olunmuş şeirlər səsləndiriblər.

Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamları ilə şəhid Məmmədzadə Pərviz Zahid oğlu “Vətən uğrunda” və “Xocavəndin azad olunmasına görə” medalları, şəhid Məmmədov Araz Qəhrəman oğlu isə “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.