Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Şəhid Məmmədov Sahil Rasim oğlunun şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək şəhidin həyat yolu barədə tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Sahil Məmmədov Tovuz döyüşlərinin və II Vətən müharibəsinin iştirakçısı olub. O, 2020-ci il sentyabrın 29-da Murovdağ–Kəlbəcər istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. 68 gündən sonra nəşi doğulub boya-başa çatdığı Qaraçuq kənd qəbiristanlığında torpağa tapşırılıb. Qeyd olunub ki, şəhidimiz xalqımızın qürur mənbəyidir və onun qəhrəmanlığı daim ehtiramla yad edilir.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nuray Əliyeva, Yeni Aərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşı Rail Tağızadə, Əlahiddə Ümumqoşun Ordunun zabiti Valeh Baxşəliyev, şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, Vətən müharibəsi iştirakçısı Malik Rzayev və Heydər Əliyev Liseyinin müəllimi Mirismayıl Seyidov çıxış ediblər.
Daha sonra şəhid Sahil Məmmədovun anası Sahilə Məmmədova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və tədbir iştirakçılarına təşəkkür edib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, şəhid ailələri, qazilər, məktəb kollektivləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.