İyulun 16-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Məmmədov Araz Qəhrəman oğlunun doğum günü münasibətilə məzarı başında tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Əlahiddə Ümumqoşun Ordunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşları, şəhid ailələri, qazilər, şagirdlər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub, ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını çatdırıb, şəhidlərimizin xatirəsinin daim qəlbimizdə uca tutulacağını bildirib. Həmçinin Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğını xüsusi vurğulayaraq qeyd edib ki, bu gün artıq şəhidlərimizin azad etdiyi torpaqlarda genişmiqyaslı quruculuq işləri aparılır, bunun nəticəsidir ki, 30 il doğma torpaqlarına həsrət qalan soydaşlarımız öz yurdlarına qayıdır.
Eyni zamanda vurğulanıb ki, biz Ali Baş Komandanımızın ətrafında sıx birləşərək onun apardığı siyasəti daim dəstəkləyəcək, torpaqlarımızın yenidən işğal altına düşməsinə imkan verməyəcəyik. Şəhidlərimizin qəhrəmanlığı isə heç bir zaman unudulmayacaqdır.
Daha sonra Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, qazi Əli Musayev, şəhid Rasim Ramazanovun anası Tərlan Ramazanova, şəhid Rahib Babayevin qardaşı Bilal Babayev çıxış ediblər.
Şəhid Araz Məmmədovun anası Xeyrənsə Məmmədova çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladının da payının olması ilə fəxr etdiyini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şagirdlər tərəfindən torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri qiraət edilib, şəhid ailələri ilə birlikdə xətirə şəkili çəkdirilib.