Şəhid Əlizadə Fuad Nazim oğlunun şəhadətinin 5-ci ildönümü qeyd olunub

Noyabrın 30-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid Əlizadə Fuad Nazim oğlunun şəhadətinin 5-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
Tədbirə başlamazdan öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, şəhid Fuad Əlizadə 2016-cı ildə Aprel döyüşlərinin və 27 sentyabr 2020-ci ildə isə başlanan Vətən müharibəsinin iştirakçısı olubdur. O, Cəbrayıl, Zəngilan və Laçın istiqamətlərində gedən döyüşlərdə qəhrəmanlıq nümayiş etdirərək noyabrın 7-də Laçın dəhlizi uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmışdır. Qeyd olunub ki, Fuad Əlizadə göstərdiyi şücaətə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova, Əlahiddə Ümumqoşun Ordunun zabiti, baş leytenant Rəvan Qasımzadə, Naxçıvan Qarnizonu tam orta məktəbinin direktoru Natiq Əhmədov, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və qazi Pərviz Muradov çıxış ediblər.
Daha sonra şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını bildirib və tədbir iştirakçılarına təşəkkür edib.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Şəhər Polis İdarəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının əməkdaşları, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitləri, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllim və şagirdləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə birlikdə xatirə şəkli çəkdirilib.