Şəhid Əlizadə Fuad Nazim oğlunun doğum günü qeyd olunub

İyunun 25-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarının, Əlahiddə Ümumqoşun Ordu Komandanlığının, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşlarının, Heydər Əliyev adına Hərbi Liseyin, Naxçıvan Qarnizonu tam orta məktəbin, 17 nömrəli tam orta məktəbin müəllim və şagird kollektivinin iştirakı ilə Əlizadə Fuad Nazim oğlunun doğum günü qeyd olunub. Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ardınca Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı cənab Cabbar Musayevin şəhid ailələrinə olan hörmət və ehtiramını bildirib, şəhid Fuad Əlizadənin ailəsini şəhidin doğum günü münasibəti ilə təbrik edib. Həmçinin Müzəffər Ali Baş Komandan, cənab İlham Əliyevin komandanlığı altında ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı qələbəni hərb tarixində analoqu olmayan bir qələbə olduğunu bildirdi. Qeyd edilib ki, bu gün şəhid ailələrinə, Vətən müharibəsində əlil olmuş şəxslərə, müharibə iştirakçılarına dövlətimiz tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilir. Onların mənzil-məişət şəraitinin yaxşılaşdırılması, minik avtomobilləri və işlə təmin edilməsi hər zaman diqqətdə saxlanılır.
Tədbirdə Əlahiddə Ümumqoşun Ordunun zabiti Vüsal Allahverdiyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər İdarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşı İmran Əliyev, Naxçıvan Qarnizonu tam orta məktəbin direktoru Natiq Əhmədov, Heydər Əliyev adına Hərbi Liseyin müəllimləri Səadət Orucova və Yeganə Seyidova, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov və qazi Mirkənan Kərimov çıxış ediblər.
Sonra şəhid Fuad Əlizadənin anası Şəfa Əliyeva çıxış edərək torpaqlarımızın işğaldan azad olunmasında şəhid övladlarının da payının olması ilə fəxr etdiklərini vurğulayıb, Ali Baş Komandanımıza və dövlətimiz tərəfindən şəhid ailələrinə hər zaman göstərilən xüsusi diqqət və qayğıya görə minnətdarlığını bildirib.
Sonda şagirdlər tərəfindən torpaqlarımız uğrunda canlarından keçən şəhidlərimizə həsr olunmuş vətənpərvərlik şeirləri qiraət edilib.
Tədbirin sonunda şəhid ailələri ilə birlikdə xatirə şəkili çəkdirilib.