Fevralın 10-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Vətən müharibəsi şəhidi Bağır Ələkbərovun doğum günü qeyd olunub.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Anım mərasimində Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Əziz Qasımov, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev, şəhid Emin Sadiqovun anası Gülşad Rüstəmova və qazi Pərviz Muradov çıxış ediblər.
Çıxışlarda 44 günlük Vətən müharibəsində şəhid Bağır Ələkbərovun göstərdiyi şücaətdən bəhs olunub, onun Vətən qarşısında xidmətlərinin yüksək qiymətləndirildiyi vurğulanıb. Qeyd edilib ki, şəhidlərimizin vətənpərvərlik nümunəsi bu gün də, gələcək nəsillər üçün örnəkdir və onların xatirəsi Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq.
Şəhid Bağır Ələkbərovun atası Əsəd Ələkbərov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə minnətdarlığını ifadə edib, tədbirin təşkilində əməyi olanlara və iştirakçılara təşəkkürünü bildirib.
Daha sonra 16 nömrəli tam orta məktəbin şagirdləri tərəfindən şəhidlərimizin xatirəsinə həsr olunmuş şeirlər səsləndirilib.