Şəhid İbrahimov Seymur Zamin oğlunun doğum günü qeyd olunub

Oktyabrın 20-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin, Naxçıvan Şəhər Polis idarəsinin əməkdaşlarının, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabitlərinin, Naxçıvan şəhər 13 nömrəli tam orta məktəbin müəllim və şagirdlərinin, eləcə də ictimaiyyət nümayəndələrinin iştirakı ilə Tumbul kənd qəbiristanlığında şəhid İbrahimov Seymur Zamin oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdən öncə ümummilli lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, 44 günlük Vətən müharibəsində gənclərimizin göstərdiyi qəhrəmanlıq bu günkü və gələcək nəsillər üçün əsl vətənpərvərlik nümunəsidir.
O qeyd edib ki, düşmən üzərində qazanılan qələbədə gənclərimizin fədakarlığı, milli ruhu və əzmkarlığı mühüm rol oynayıb:“Belə qəhrəman gənclərimizdən biri də şəhid İbrahimov Seymur Zamin oğlu idi.”
Vurğulanıb ki, Seymur İbrahimov Xocavənd, Füzuli və Şuşa istiqamətlərində gedən döyüşlərdə igidlik göstərib, hərbi hissəyə tapşırılan vəzifələri layiqincə yerinə yetirib. O, Şuşanın azad olunması uğrunda Daşaltı istiqamətində aparılan döyüşlər zamanı, 2020-ci ilin noyabr ayında şəhidlik zirvəsinə ucalıb. Silahı ilə tarix yazan qəhrəman oöullarımız heç bir zaman unudulmayacaq, onların xatirəsi Azərbaycan xalqının qəlbində daim yaşayacaqdır.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti kapitan Fədai Qululu, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Nuray Əliyeva və Naxçıvan 13 nömrəli tam orta məktəbin müəllimi Günel Məmmədova çıxış edərək şəhidə və onun ailəsinə dərin hörmət və ehtiramlarını bildiriblər.
Çıxışlardan sonra şəhidin anası Tacirə İbrahimova şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlığını bildirib.
Sonda şagirdlər tərəfindən şəhidlərə və Vətənə həsr olunmuş şeirlər səsləndirilib.