Şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü qeyd olunub.

Fevralın 18-də şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü ilə əlaqədar olaraq məzarı başında tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin, Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının nümayəndələri, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatları, şəhid ailələri, ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirə quran ayəsi ilə başlanılıb, Ümummilli Lider Heydər Əliyevin və vətən uğrunda canlarından keçən şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov şəhid ailələrini salamlayıb, Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin şəhidlərimizə və onların ailələrinə olan hörmət və ehtiramını çatdırıb. Vurğulayıb ki, ölkə başçımız Cənab Prezident İlham Əliyevin dəmir yumruğu ətrafında sıx birləşən, milli ordumuz sıralarında Azərbaycanımızın ərazi bütövlüyü uğrunda canını fəda edən əsgərlərimizdən biri də İbrahimov İbrahim Etibar oğludur. O, Zəngilan, Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə əsl vətənpərvərlik nümunəsi göstərib, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olub. Bu gün  şəhidlərimiz  xalqımız tərəfindən anılır və yad edilir. Bundan sonrada yad ediləcəkdir.

Tədbirdə Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri Elman Cəfərli, Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyinin sektor müdiri İmran Əliyev, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Asəf Məmmədov və ictimaiyyət nümayəndəsi Əmanət Musayeva çıxış edərək şəhidlərimizə Ulu Tanrıdan rəhmət diləyib, şəhid ailələrinə hörmət və ehtiramlarını bildiriblər.

Eyni zamanda qeyd edilib ki, Ali Baş Komandanımız Cənab Prezident İlham Əliyev tərəfindən hər zaman olduğu kimi bu gün də şəhid ailələrinə xüsusi diqqət və qayğı göstərilir. Şəhidlərimiz bu qayğıya layiqdirlər, biz onların qəhrəmanlığı ilə fəxr edirik. 

Şəhid Mərhəmət Həmzəyevin anası Qərənfil Həmzəyeva, Sahil Məmmədovun anası Sahilə Məmmədova, Ramazan Göydağlının atası Əbülfət Əliyev, Amin Gülməmmədovun atası Mayis Gülməmmədov, qazi Pərviz Muradov çıxış edərək şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. 

Sonra tədbir Cahan mərasim evində davam etdirilib, şəhidimizin xatirəsinə ehsan süfrəsi açılıb, ruhuna dualar oxunub.