Şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü ilə əlaqədar tədbir keçirilib.

Fevralın 14-də şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü ilə əlaqədar olaraq şəhidin adını daşıyan sinfin şagirdləri tərəfindən 8 nömrəli tam orta məktəbdə tədbir keçirilib. Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşları, şəhidin ailə üzvləri, şəhid ailələri, məktəbin müəllim və şagirdləri iştirak edib.

Tədbirə başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib. 

Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək, şəhid ailələrinə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Cabbar Musayevin salamlarını çatdırıb, onlara olan hörmət və ehtiramını bildirib. Şəhid İbrahimov İbrahimin doğum günü ilə əlaqədar olaraq ailəsini təbrik edib, dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğıdan danışıb. 

Həmçinin vurğulanıb ki, vətən uğrunda şəhid olan qəhrəman oğullarımız heç bir zaman unudulmayacaq, onların qəhrəmanlığı bugünkü və gələcək nəsillərə çatdırılacaqdır.

Şəhidin atası Etibar İbrahimov və həyat yoldaşı Gülüş İbrahimova şəhid İbrahimov İbrahimlə bağlı xatirələrindən, torpaqlarımızın işğaldan azad edilməsində göstərdiyi vətənpərvərlik  nümunəsində danışıblar.

Şəhid Amin Gülməmmədovun atası Mayis Gülməmmədov çıxış edərək qeyd edib ki, şəhidlərimizin doğum günləri hər zaman anılır, şəhidlərimizə xalqımız tərəfindən xüsusi ehtiram göstərilir. Şəhid ailələri onlara göstərilən diqqət və qayğıya görə dövlətimizə minnətdarlıq ediblər. 

Sonra məktəbin şagirdləri tərəfindən şəhidlərimizə həsr olunmuş şeirlər qiraət edilib, vətənpərvərlik mahnıları səsləndirilib. 

Tədbirin sonunda şəhid ailələri ilə birgə xatirə şəkili çəkdirilib.