Şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib

Fevralın 18-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid İbrahimov İbrahim Etibar oğlunun doğum günü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir başlamazdan əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsi yad olunub, ruhlarına dualar oxunub.
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov çıxış edərək şəhid İbrahimov İbrahim Etibar oğlunun keçdiyi şərəfli ömür yolundan bəhs edib. O, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbədə şəhidimizin də mühüm payı olduğunu vurğulayıb. Bildirib ki, şəhidlərin ruhu bu gün şaddır – onlar torpaqlarımızı işğaldan azad etməklə yanaşı, xalqımızın qürurunu özünə qaytardılar. Qeyd olunub ki, işğaldan azad edilmiş ərazilərdə ölkə başçısı cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə genişmiqyaslı quruculuq və bərpa işləri aparılır, irimiqyaslı layihələr həyata keçirilir. Vurğulanıb ki, qazanılan Qələbəyə görə hər birimiz Ali Baş Komandana, şəhidlərimizə, qazilərimizə və rəşadətli ordumuza borcluyuq.
Tədbirdə Sosial Xidmətlər Agentliyinin əməkdaşı İmran Əliyev, Yeni Azərbaycan Partiyası Naxçıvan şəhər təşkilatının sədr müavini Rail Tağızadə, şəhid Ramazan Göydağlının atası Əbülfət Əliyev və şəhid Şükür Hacıyevin anası Fatma Hacıyeva çıxış edərək şəhidlərin əziz xatirəsinin daim uca tutulduğunu və ailələrinə göstərilən dövlət qayğısını yüksək qiymətləndiriblər.
Şəhid İbrahim İbrahimovun atası Etibar İbrahimov şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını ifadə edib.
Tədbirin sonunda 15 nömrəli məktəbin şagirdləri tərəfindən Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.