Şəhid Həsənov Sadiq Əli oğlunun xatirəsi anılıb

Oktyabrın 19-da Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə şəhid mayor Həsənov Sadiq Əli oğlunun şəhidliyinin beşinci ildönümü münasibətilə anım mərasimi keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyi, Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsi, Naxçıvan Şəhər Polis İdarəsinin əməkdaşları, Əlahiddə Ümumqoşun Ordunun əsgər və zabit heyəti, həmçinin Naxçıvan şəhər 4, 12 və 14 nömrəli tam orta məktəblərin müəllim və şagirdləri, şəhid ailələri, qazilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbirdə ilk öncə Ümummilli Lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Naxçıvan Şəhər İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri İsmayıl Gülməmmədov çıxış edərək bildirib ki, şəhid mayor Həsənov Sadiq Əli oğlu Vətən müharibəsində Füzuli, Tərtər və Qubadlı uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıq göstərib, Qubadlının Balasoltanlı istiqamətində aparılan döyüşlərdə şəhidlik zirvəsinə ucalıb. O vurğulayıb ki, şəhidin adı Azərbaycan hərb tarixində şərəf və qəhrəmanlıq simvolu kimi daim yaşayacaq, onun həyat yolu gənc nəsillərin vətənpərvərlik ruhunda tərbiyəsində mühüm rol oynayacaq.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Şəhər idarəsinin rəis əvəzi Sultan Zamanov, Əlahiddə Ümumqoşun Ordunun zabiti Rəvan Qasımzadə, şəhid Raqib Hüseynovun anası Rəna Hüseynova, şəhid Bəşir Mehdiyevin atası Yusif Mehdiyev, hərbçi yoldaşı Arif Niftəliyev, eləcə də kursant yoldaşı Ruslan Ağasiyev çıxış edərək şəhidin xatirəsini dərin ehtiramla yad ediblər.
Tədbirin sonunda şagirdlər tərəfindən Vətənə və şəhidlərə həsr olunmuş şeirlər səsləndirilib.