Şəhid Eyvazov İslam Həsən oğlunun doğum günü qeyd olunub

Aprelin 7-də Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Qaraçuq qəbiristanlığında şəhid Eyvazov İslam Həsən oğlunun doğum günü münasibətilə anım tədbiri keçirilib.
Tədbirdən əvvəl Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə çıxış edən Naxçıvan Şəhər İcra Hakimiyyətinin Müharibə iştirakçıları və şəhid ailələri ilə işin təşkili sektorunun müdiri, şöbə müdirinin müavini İsmayıl Gülməmmədov bildirib ki, bu gün igid şəhidimiz İslam Eyvazovun doğum günü qeyd olunur. Qeyd edilib ki, o, cismən aramızda olmasa da, ruhən daim xalqımızın qəlbində yaşayır. Onun həyatı və qəhrəmanlığı gələcək nəsillər üçün örnəkdir.
Digər çıxış edənlər də şəhid İslam Eyvazovun keçdiyi şərəfli döyüş yolundan, onun vətənpərvərliyindən bəhs edərək göstərdiyi qəhrəmanlığın heç vaxt unudulmayacağını qeyd ediblər.
Şəhidin anası Aytən Eyvazova çıxış edərək şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını ifadə edib.
Tədbirin sonunda Naxçıvan şəhər 6, 9 və 15 nömrəli tam orta məktəblərin şagirdləri tərəfindən Vətənə və şəhidlərimizə həsr olunmuş şeirlər səsləndirilib, şəhid ailələri ilə xatirə şəkli çəkdirilib.